BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 24 oktyabr (AZƏRTAC). Oktyabrın 24-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Burada əhaliyə 15 tondan çox məhsul, o cümlədən 2,5 ton ət, 0,5 ton ağartı, 4 ton tərəvəz, 4 ton kartof, 3,5 ton meyvə, 3 min ədəd yumurta, 40 kiloqram bal təklif edilirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olduğu üçün paytaxt sakinləri gün ərzində buradan istədikləri məhsulu ucuz qiymətə əldə edə bilirlər.
Burada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, badımcan, xiyar, kələm, çuğundur, soğan və kartof 30-50 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılırdı.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonlardan gətirilmiş 28 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi quşçuluq fabriklərindən isə 11 min 600 ədəd yumurta çıxarılmışdı.
Qusarlı fermer Vahid Aslanov bildirmişdir ki, ikinci dəfədir bura məhsul gətirir. Bu dəfə paytaxt sakinlərinə kələm təklif edir. Kiloqramı 30 qəpiyə satılan kələmi qəsəbə sakinləri həvəslə alırdılar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkaya Ağcabədi, Quba, Kürdəmir, Qax, Biləsuvar və digər rayonların fermerləri 270 tondan çox müxtəlif çeşiddə meyvə-tərəvəz və süd məhsulları gətirmişdilər. Sakinlər üzümü, çuğunduru, kartofu, narı, almanı, kələmi, lobyanı, kökü və digər kənd təsərrüfatı məhsullarını özləri üçün sərfəli qiymətlərə ala bildiklərini söyləyirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən rayonlarından gətirilmiş 68 ton 700 kiloqram məhsul təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdir. Kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, fındıq, üzüm, eləcə də sitrus meyvələri - feyxoa, naringi, kivi və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılır.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 4,4 ton məhsul çıxarmışdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada Qazax fermerləri alıcılara 1,2 ton üzüm, 3 ton kartof, 2,6 ton alma, 600 kiloqram kələm və pomidor və digər meyvə-tərəvəz, bostan məhsulları təklif edirdilər. Sakinlər ucuz və keyfiyyətli məhsulları həvəslə alırdılar.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədovun verdiyi məlumata görə, yarmarkada satışa 12 tondan çox meyvə-tərəvəz çıxarılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Goranboy, Bərdə və Ağstafa rayonlarının fermerləri ucuz qiymətlərə nar, üzüm, kartof, kələm və digər məhsullar gətirmişdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada alıcılara Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 39,3 ton məhsul təklif olunur. Giləzi və Goradil broyler fabriklərinin nümayəndələri isə satışa 5 min yumurta çıxarmışlar.
Xaçmaz rayonunun Əhmədoba kənd sakini Ədalət Əhmədov öz fermer təsərrüfatından 4 ton alma, bibər və badımcan gətirmişdir. Xaçmaz rayonunun Ağ yazı kənd sakini Səxavət Şükürov isə bakılılara öz bağından yığıb gətirdiyi 1,5 ton alma təklif edir.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
