BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 26 oktyabr (AZƏRTAC). Oktyabrın 25-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,3 ton ağartı, 3 ton tərəvəz, 3,5 ton meyvə, 2 ton kartof, 2 min ədəd yumurta, 30 kiloqram bal təklif olunurdu. Sakinlər məhsulların qiymətindən və keyfiyyətindən razılıq edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkaya Ağcabədi, Quba, Kürdəmir, Qax, Biləsuvar və digər rayonlardan müxtəlif çeşiddə keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsullar gətirilmişdi. Fermerlər alıcılara meyvə, pendir, mal və qoyun əti, bal təklif edirdilər. İşçi qrupun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri yarmarkada 270 tondan çox məhsul satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, oktyabrın 24-25-də Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda 73 ton 100 kiloqram məhsul satılmışdır. Bunun 68,7 tonu “Günəş” ticarət mərkəzindəki, qalanı isə “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkanın payına düşür. Məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdi. Kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, fındıq, üzüm, eləcə də sitrus meyvələri - feyxoa, naringi, kivi və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada satışa Qazaxdan gətirilmiş təzə lobya, kələm, kök, pomidor, çuğundur, üzüm, nar, kartof və s. məhsullar çıxarılmşdı. Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günləri yarmarkada 12 tonadək meyvə-tərəvəz, bostan məhsulları satılmışdır. Həmin məhsullar sakinlərə münasib qiymətlərə təklif olunmuşdur.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şəhər sakinləri Bərdə, Ağstafa və Goranboydan gətirilmiş kənd təsərrüfatı məhsullarını həvəslə almışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri satışa Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 39,3 ton məhsul çıxarılmışdır. Giləzi və Goradil broyler fabriklərinin nümayəndələri 5 min yumurta satmışlar.
######
![]() |
![]() |
![]() |


