BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 26 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan geniş çeşiddə məhsul gətirilmişdi. Səhər tezdən yarmarkaya gələn alıcılar - mühəndis Akif Cəfərov, evdar qadın Şəfiqə Ağayeva və başqaları məhsulların bazarlara nisbətən ucuz olduğuna görə təşkilatçılara və fermerlərə minnətdarlıq edirdilər. Gədəbəyli fermer Arzu Tanrıquliyev yarmarkaya gətirdiyi 3 ton məhsulu - bal, pendir, meyvə, çuğundur, kartof və kələmi münasib qiymətə təklif edirdi. Dedi ki, hər həftə bura məhsul gətirir, yaradılan şəraitdən də razıdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev dedi ki, bu gün satışa Salyan, Qusar, Astara, Dəvəçi, Quba rayonlarının fermer və şəxsi təsərrüfatlarından gətirilmiş 90,1 ton məhsul çıxarılmışdır. Həmişə olduğu kimi, yenə də Salyan rayonu birinciliyi qoruyub saxlayır. Belə ki, burada paytaxt sakinlərinə təklif olunan kənd təsərrüfatı məhsullarının yarıdan çoxu həmin rayonun payına düşür.
Yarmarkada mövsümi meyvə-tərəvəz və bostan məhsullarının bolluğu, çeşidin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdi. Yerkökü, kartof, soğan, alma, üzüm, nar, heyva, pomidor, xiyar, badımcan, göyərti, ağartı və digər məhsullar bazarlardakından 30-40 faiz, bəziləri yarıbayarı ucuz təklif olunurdu.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonlardan gəlmiş fermerlər alıcılara bazarlardakından iki dəfə ucuz qiymətə meyvə-tərəvəz, digər kənd təsərrüfatı məhsulları təklif edirdilər. İşçi qrupdan verilən məlumata görə, satışa 26 tondan çox məhsul, o cümlədən Giləzi quşçuluq fabriklərindən 14 min 600 ədəd yumurta çıxarılmışdı.
Qusardan gəlmiş Baba Vəliyev paytaxta 1 tona yaxın kələm gətirmişdir. Alıcılara kiloqramını 20-25 qəpiyə təklif edirdi. Qəsəbə sakinləri məhsulu həvəslə alırdılar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkaya Ağcabədi, Quba, Kürdəmir, Qax, Biləsuvar və digər rayonlardan müxtəlif çeşiddə keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsullar gətirilmişdi. Fermerləri alıcılara meyvə, pendir, mal və qoyun əti, bal təklif edirdilər. İşçi qrupun qərargahından verilən məlumata görə, satışa 275 ton məhsul çıxarılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən rayonlarından gətirilmiş 71 ton 200 kiloqram məhsul təklif olunurdu. Burada kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, fındıq, üzüm, qoz, fındıq, eləcə də sitrus meyvələri - feyxoa, naringi, kivi və digər məhsullar bazarlarla müqayisədə 25-35 faiz ucuz qiymətə satılırdı.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri sakinlərə 4,7 ton məhsul təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun sözlərinə görə, Suraxanı sakinləri rayon ərazisində təşkil olunmuş yarmarkalardan əlidolu, razılıqla çıxırlar. Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada satışa Qazaxdan və Ağsudan gətirilmiş təzə meyvə-tərəvəz, süd məhsulları çıxarılmışdı. Şəhər sakinləri qiymətləri bazardakından 30-35 faiz ucuz olan kələmi, kartofu, pomidoru, narı, almanı, üzümü və digər kənd təsərrüfatı məhsullarını həvəslə alırdılar.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədovun verdiyi məlumata görə, bu gün fermerlər alıcılara 18 ton məhsul təklif edirlər.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Ağstafa və Goranboydan gətirilmiş meyvə-tərəvəz, bostan məhsulları ucuz qiymətlərə satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından 48,3 ton meyvə-tərəvəz, Giləzi, Goradil broyler fabriklərindən isə 10 mindən çox yumurta gətirilmişdir.
Tovuz rayonunun Dönük Qırıqlı kənd sakini Rafiq Həsənov paytaxt sakinlərinə həyətyanı sahəsindən yığdığı 1,2 ton məhsulu təklif edirdi.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
