BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 2 noyabr (AZƏRTAC). Noyabrın 1-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada sakinlərə Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,4 ton ağartı, 3 ton tərəvəz, 2,5 ton meyvə, 3 ton kartof, 2 min ədəd yumurta, 20 kiloqram bal təklif olunmuşdur. Alıcılar məhsulların qiymətindən və keyfiyyətindən razılıq edirdilər. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, badımcan, xiyar, kələm, çuğundur, soğan və kartof 20-50 qəpiyə və s. satılırdı.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, şənbə və bazar günləri burada Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 90,1 ton meyvə-tərəvəz satılmışdır. Yarmarkada bütün məhsullar bazarlardakından yarıbayarı ucuz təklif olunmuşdur. Belə ki, kartofun, badımcanın kiloqramı 30-50, soğan, pomidor 50-60, nar 40-50, heyva 20-30, alma 25-40, balqabaq 30, göyərtinin 2-3 dəstəsi 10-15 qəpiyə satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada əhaliyə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunudu. Qiymətləri bazardakından 20-25 faiz ucuz olan həmin məhsullar həvəslə alınırdı. İşçi qrupun qərargahından verilən məlumata görə, şənbə və bazar günlərində yarmarkada Ağcabədi, Quba, Kürdəmir, Qax, Biləsuvar və digər rayonlardan gətirilmiş 275 ton meyvə-tərəvəz, pendir, mal və qoyun əti, bal və digər məhsullar satılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada iki gün ərzində Ağsu və Qazaxdan gətirilmiş 17 tondan çox məhsul satılmışdır. Alıcılar meyvə-tərəvəzin qiymətinin münasib olduğunu söyləyir, fermerlərdən razılıq edirdilər.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Goranboy və Bərdə fermerləri ucuz qiymətlərə təzə meyvə-tərəvəz satmışlar.
Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki yarmarkada alıcılara Xaçmaz, Tərtər, Quba, İmişli, Astara, Tovuz rayonlarından gətirilmiş 48,3 ton məhsul təklif edilmişdir.
######
![]() |
![]() |

