BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Səhər tezdən yarmarkaya gələn alıcılar məhsulların ucuzluğuna görə təşkilatçılara və fermerlərə minnətdarlıq edirdilər. Burada əhaliyə 15 tondan çox məhsul, o cümlədən 2,5 ton ət, 0,6 ton ağartı, 4 ton tərəvəz, 4 ton kartof, 3,5 ton meyvə, 4 min ədəd yumurta, 30 kiloqram bal təklif edilirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağıdır. 2006-cı il iyulun 22-dən indiyədək 347 yarmarka keçirilmiş və bu yarmarkalarda 78 min tona yaxın məhsul satılmışdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada kənd təsərrüfatı məhsullarının bolluğu, qiymətlərin münasibliyi diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev məlumat verdi ki, bugünkü yarmarkada satışa Salyan, Qusar, Astara, Dəvəçi, Quba rayonlarından 91 ton məhsul gətirilmişdir. Paytaxt sakinlərinə təklif olunan kənd təsərrüfatı məhsullarının yarısı məhz bu rayonun payına düşür. Məhsullar bazarlardakından 30-40 faiz, hətta bəziləri yarıbayarı ucuz təklif olunur.
Yarmarkaya axın-axın gələn və buranı əlidolu tərk edən paytaxt sakinləri məhsulların bolluğuna, çeşidlərin müxtəlifliyinə, qiymətlərin münasibliyinə və alış-veriş üçün yaradılan əlverişli şəraitə görə razılıqlarını bildirirdilər.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonlardan 22 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi quşçuluq fabriklərindən isə 3 min 600 ədəd yumurta gətirilmişdi.
Ağdaşdan 500 kiloqramdan çox xurma gətirmiş Cavid Həmidov yaradılmış şəraitdən razılıq edərək vurğuladı ki, yarmarkalar təşkil ediləndən bəri burada 10 tondan çox müxtəlif adda məhsul satmışdır.
Fermerin kiloqramını 30-40 qəpiyə təklif etdiyi məhsulu qəsəbə sakinləri böyük həvəslə alırdılar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada əhaliyə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu. Qiymətləri bazardakından 20-25 faiz ucuz olan həmin məhsullar həvəslə alınırdı. İşçi qrupun qərargahından verilən məlumata görə, yarmarkada alıcılara Ağcabədi, Quba, Kürdəmir, Qax, Biləsuvar və digər rayonlardan gətirilmiş 271 ton meyvə-tərəvəz, pendir, mal və qoyun əti, bal və digər məhsullar təklif edilmişdir.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən rayonlarından gətirilmiş 71,7 ton 200 kiloqram məhsul təklif olunurdu. Burada kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, fındıq, üzüm, qoz, fındıq, eləcə də sitrus meyvələri - feyxoa, naringi, kivi və digər məhsullar bazarlarla müqayisədə 25-35 faiz ucuz qiymətə satılırdı.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri sakinlərə 4,3 ton məhsul təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun sözlərinə görə, Suraxanı sakinləri rayon ərazisində təşkil olunmuş yarmarkalardan əlidolu, razılıqla çıxırlar. Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada Ağsu və Qazax rayonlarından gətirilmiş meyvə-tərəvəz, bostan məhsulları ucuz qiymətlərə satılırdı.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, bu gün yarmarkada satışa 17 tonadək kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada sakinlər Ağstafa, Goranboy və Bərdə fermerlərinin ucuz qiymətlərə təklif etdikləri meyvə-tərəvəzləri həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından 44,9 ton məhsul gətirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
![]() |
![]() |

