BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 22-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya bazar günü Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan geniş çeşiddə məhsul gətirilmişdi.
Səhər tezdən yarmarkaya gələn alıcılar - pensiyaçı Zərifə Hacıyeva, evdar qadın Kəmalə Quliyeva və başqaları məhsulların bazarlara nisbətən ucuz olduğuna görə təşkilatçılara və fermerlərə minnətdarlıq edirdilər.
Gədəbəyli fermer Arzu Tanrıquliyev yarmarkaya gətirdiyi 3 ton bal, pendir, meyvə, çuğundur, kartof və kələmi münasib qiymətə satır, yaradılan şəraitdən razılığını bildirirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, bazar günü alıcılara 10,13 ton məhsul, o cümlədən 1,7 ton ət, 0,4 ton ağartı, 3 ton tərəvəz, 2,5 ton kartof, 2,5 ton meyvə, 3 min ədəd yumurta təklif olunmuşdur. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuş, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, kartof, kələm, soğan, badımcan, alma 20-50 qəpiyə və s. satılmışdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğu ilk baxışdan diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, iki gün ərzində burada Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 83,6 ton meyvə-tərəvəz satılmışdır.
Fermerlər əhaliyə bol, keyfiyyətli və ucuz meyvə-tərəvəz təklif edirdilər. Burada kartofun, heyvanın kiloqramı 40-50, badımcan 30-40, nar 60-80, alma, balqabaq 20-30, göyərtinin 2-3 dəstəsi 10-15 qəpiyə, qoz, fındıq və şabalıq 2-3 manata satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Ağcabədi, Quba, Kürdəmir, Qax,
Biləsuvar fermerləri satışa keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Şəhər sakinləri ucuz qiymətlərə təklif olunan həmin məhsulları həvəslə alırdılar.
İşçi qrupundan verilən məlumata görə, şənbə və bazar günləri yarmarkada 265 tonadək müxtəlif çeşiddə meyvə-tərəvəz və bostan məhsulları satılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada Ağsu və Qazaxdan gətirilmiş təzə meyvə-tərəvəz, süd məhsulları satılırdı. Fermerlər gətirdikləri həmin məhsulları ucuz qiymətlərə təklif edirdilər.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günləri burada 17 tonadək kənd təsərrüfatı məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada alıcılara Ağstafa, Goranboy və Bərdə fermerləri ucuz qiymətlərə kartof, nar, kələm, üzüm, turp, kök, alma, pomidor və digər meyvə-tərəvəz təklif olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından gətirilmiş 50,8 ton məhsul satılmışdır.
#######
