BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 30 noyabr (AZƏRTAC). Noyabrın 29-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Bu həftə yarmarka müqəddəs Qurban bayramına təsadüf etdiyi Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada qələbəlik idi. Burada şənbə və bazar günləri satışa Salyan, Dəvəçi, Qusar, Astara, Quba rayonlarının fermer və şəxsi təsərrüfatlarından gətirilmiş bol meyvə-tərəvəz çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, iki gün ərzində paytaxt sakinlərinə 86,3 ton məhsul satılmışdır. Bu məhsullar arasında Qurban bayramında süfrələri bəzəyən mövsümi meyvə-tərəvəz üstünlük təşkil etmişdir. Məhsul bolluğu və çeşid müxtəlifliyi qiymətlərə də ciddi təsir göstərmişdir. Məhsullar bazarlardakından yarıbayarı ucuz təklif olunmuşdur.
Yarmarkaya axın-axın gələn və buranı əlidolu tərk edən alıcılar müqəddəs Qurban bayramı günlərində məhsul bolluğuna, çeşid müxtəlifliyinə, qiymət münasibliyinə və alış-veriş üçün yaradılan şəraitə görə razılıqlarını bildirirdilər.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonların fermerləri bayram günlərində şəhər sakinlərinə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif etmişlər.
Müqəddəs Qurban bayramı ərəfəsində əhalinin tələbatını nəzərə alan Ağdaşlı fermer Nazim Məmmədov satışa 120 kiloqram mal əti çıxarmışdı. Sakinlər kiloqramı 4 manat 40 qəpiyə təklif olunan əti həvəslə alırdılar.
İki gün ərzində burada 19 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi quşçuluq fabriklərindən isə 10 min 860 ədəd yumurta satılmışdır.
Qəsəbə sakinləri yarmarkaların davamlı olmasını diqqətəlayiq hal, əhalinin maddi rifahının yüksəldilməsinə dövlət qayğısı kimi qiymətləndirmişlər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkaya fermerlər Qazax və Ağsudan kök, alma, kartof, çuğundur, nar, turp, kələm, üzüm, pomidor, digər meyvə-tərəvəzlər gətirmişdilər. Şəhər sakinləri bazardakından 20-30 faiz ucuz qiymətlərə təklif olunan həmin məhsulları həvəslə alırdılar.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, bayram günlərində burada 16 tondan çox meyvə-tərəvəz, süd məhsulları satılmışdır.
Şənbə və bazar günləri Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şəhər sakinlərinə Goranboy, Bərdə və Ağstafadan gətirilmiş kənd təsərrüfatı məhsulları satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada bayram günləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından gətirilmiş 37,2 ton məhsul satılmışdır.
Qurban baramı ilə əlaqədar yarmarkaya gətirilmiş diri heyvanlar və ət məhsullarının alıcıları daha çox idi.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
