BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 5 dekabr (AZƏRTAC). Dekabrın 5-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 13 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,4 ton ağartı, 4,2 ton tərəvəz, 3,5 ton kartof, 0,1 ton bostan məhsulları, 3 ton meyvə, 4 min ədəd yumurta təklif olunurdu.
Yarmarkada hər həftə iştirak edən gədəbəyli fermer Cəmil İsayev bu dəfə 2 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur gətirmişdir. Məhsulları ucuz qiymətə satdığını və yaradılan şəraitdən razılığını bildirirdi.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada kənd təsərrüfatı məhsullarının bolluğu, meyvə-tərəvəzin çeşidinin müxtəlifliyi, qiymətlərin münasibliyi diqqəti cəlb edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, Salyan, Qusar, Astara, Dəvəçi, Quba rayonlarının fermerləri satışa 86,5 ton məhsul çıxarmışlar. Paytaxt sakinlərinə təklif olunan kənd təsərrüfatı məhsullarının təqribən yarısı Salyan rayonunun payına düşür. Mövsümi meyvə və tərəvəzin bolluğu, çeşidin müxtəlifliyi qiymətlərin xeyli aşağı düşməsinə səbəb olmuşdur.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonlardan gətirilmiş 20 tondan çox kənd təsərrüfatı məhsulu satılırdı. Burada alıcılara Giləzi və Hacıqabul quşçuluq fabriklərindən 20 min 860 ədəd yumurta da təklif olunurdu.
Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri yarmarkada qiymətlərə, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri isə məhsulların keyfiyyətinə nəzarət edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada fermerlər alıcılara bazardakından 20-30 faiz ucuz qiymətlərə kənd təsərrüfatı məhsulları təklif edirdilər. Paytaxt sakinləri Quba, Ağcabədi, Kürdəmir, Biləsuvar, Qax və digər rayonlardan gətirilmiş bu məhsulları həvəslə alırdılar.
İşçi qrupundan verilən məlumata görə, yarmarkaya satışa 255 tondan çox meyvə-tərəvəz və süd məhsulları çıxarılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkaya Ağsu və qazaxlı fermerlər müxtəlif çeşiddə meyvə-tərəvəz, bostan məhsulları gətirmişdilər. Şəhər sakinləri istədikləri məhsulları bazardakından ucuz qiymətlərə ala bildiklərini söyləyirdilər.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirdi ki, bu gün alıcılara 17 tonadək meyvə-tərəvəz təklif olunur.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Bərdə, Ağstafa və Goranboydan gətirilmiş alma, kələm, pomidor, kartof, turp və digər məhsullar satılırdı.
######
