BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 7 dekabr (AZƏRTAC). Dekabrın 6-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada əhaliyə Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 1 ton ət, 0,2 ton ağartı, 3,2 ton tərəvəz, 3 ton kartof, 3 ton meyvə, 2 min ədəd yumurta, 20 kiloqram bal təklif edilirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı oımuşdur.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada şənbə və bazar günləri Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 86,5 ton meyvə-tərəvəz satılmışdır.
Yarmarkada yaradılmış əlverişli şəraitdən bəhrələnib ailə büdcələrinə xeyli qənaət etmək imkanı qazanan paytaxt sakinləri mövsümi meyvə və tərəvəzin bazarlara nisbətən xeyli ucuz qiymətə satılmasından razılıq edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada təklif olunan meyvə-tərəvəzin və digər məhsulların qiymətləri xeyli ucuz olduğundan sakinlər burada bazarlıq etməyə daha çox maraq göstərirdilər. Şənbə və bazar günləri Quba, Ağcabədi, Kürdəmir, Biləsuvar, Qax və digər rayonların fermerləri burada 255 tondan çox məhsul satmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada alıcılar həvəslə bazarlıq edirdilər. Qazax və Ağsudan gətirilmiş alma, pomidor, üzüm, nar, kartof, çuğundur, kələm və digər məhsullar onlara bazardakından 25-30 faiz ucuz qiymətlərə təklif olunurdu.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günləri yarmarkada 16 tonadək meyvə-tərəvəz, süd məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Ağstafa, Goranboy və Bərdə fermerləri satışa ucuz qiymətlərə təzə kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından gətirilmiş 32,8 ton məhsul satılmışdır.
Xaçmaz rayonunun Dördyol qəsəbə sakini Qeys Qurbanov alıcılara öz fermer təsərrüfatında becərdiyi 5 tona yaxın kələm, kök, çuğundur, xiyar, quru lobya, balqabaq təklif edirdi.
Alıcılar məhsulun keyfiyyətindən və qiymətindən razılıq edirdilər.