REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 26 dekabr (AZƏRTAC). Dekabrın 26-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan 12 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,4 ton ağartı, 4 ton tərəvəz, 3 ton kartof, 0,4 ton bostan məhsulları, 3 ton meyvə, 4,5 min ədəd yumurta gətirilmişdi. Yarmarkada hər həftə iştirak edən gədəbəyli fermer Arzu Tanrıquliyev bu dəfə alıcılara 2 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur təklif edirdi. Dediyinə görə, məhsulları ucuz satır, yaradılan şəraitdən razıdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, kələm, soğan və kartof 30-40 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. təklif olunur.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada qələbəlik idi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, satışa Salyan, Qusar, Astara, Dəvəçi, Quba rayonlarının fermer və şəxsi təsərrüfatlarından 81,1 ton məhsul çıxarılmışdır. Sakinlərə bol ağartı məhsulları, meyvə-tərəvəz, o cümlədən kartof, soğan, alma, kələm, yerkökü, naringi, limon, feyxoa, heyva, nar, balqabaq və digər mövsümi kənd təsərrüfatı məhsulları təklif edilirdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada keyfiyyətli konserv məhsulları, meyvə-tərəvəz, ət və ağartı satılırdı. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar burada bolluq idi. Həmin məhsulların arasında kartof, alma, narıngi, bal, heyvandarlıq məhsulları üstünlük təşkil edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərovun verdiyi məlumata görə, bu gün Ağcabədi, Quba, Biləsuvar, Qax, Kürdəmir və digər rayonların fermerləri yarmarkaya 270 tondan çox məhsul gətirmişlər. Şəhər sakinləri bazardakından xeyli ucuz qiymətlərə satılan həmin məhsulları həvəslə alırlar. Bayramqabağı havaların xoş keçməsi şəhər əhalisinin yarmarkalara axınına daha da gücləndirmişdir.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən rayonlarından gətirilmiş 67 ton 400 kiloqram məhsul təklif olunurdu. Məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdi. Kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, pomidor, alma, armud, qoz, fındıq, üzüm, eləcə də sitrus meyvələri - feyxoa, naringi, kivi, portağal və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılırdı.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 4 ton məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, Suraxanı sakinləri rayon ərazisində təşkil olunmuş yarmarkalardan əlidolu, razılıqla çıxırlar. Burada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, rayon fermerləri paytaxta 4 ton kartof, 4,5 ton alma, 600 kiloqram kələm və digər kənd təsərrüfatı məhsulları gətirmişlər. Bu məhsullar bazardakından 25-30 faiz ucuz qiymətlərə satılır.
Şənbə günü yarmarkada satışa Qazaxdan 12,5, Ağsudan isə 7,2 ton meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şəhər sakinləri Bərdə, Ağstafa və Goranboy fermerlərinin ucuz qiymətlərə satdıqları meyvə-tərəvəzləri həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından 25 ton məhsul gətirmişlər.
Nərimanov rayon icra başçısının və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######