REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 28 dekabr (AZƏRTAC). Dekabrın 27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada bazar günü alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 9,84 ton məhsul, o cümlədən 1 ton ət, 0,3 ton ağartı, 3 ton tərəvəz, 3 ton kartof, 2 ton meyvə, 2 min ədəd yumurta satılmışdır. Burada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Bazar günü-əlamətdar bayramlar ərəfəsində Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunmuş yarmarkada Yeni il süfrəsində əsas nemətlərdən hesab olunan sitrus meyvələri, qoz-fındıq ləpələri, diri və kəsilmiş toyuq, o cümlədən hind toyuğu, balıq, ağartı məhsulları çoxluq təşkil edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, bayramlar ərəfəsində alıcılara Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 81,1 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Yarmarkada kənd təsərrüfatı məhsullarının ucuzluğu üçün yaradılan əlverişli şəraitdən bəhrələnib ailə büdcələrinə xeyli qənaət etmək imkanı qazanan paytaxt sakinləri mövsümi meyvə və tərəvəzin bazarlara nisbətən xeyli ucuz qiymətə satılmasından razılıq edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada alıcılar satışa çıxarılan məhsulların bolluğundan razılıq edirdilər. İşçi qrupun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Ağcabədi, Quba, Biləsuvar, Qax, Kürdəmir və digər rayonların fermerləri paytaxt sakinlərinə 95 ton tərəvəz, 30,4 kartof, 129 ton meyvə və digər məhsullar satmışlar.
Yarmarkada məhsulun qiymətinə və çəkisinə nəzarət edilir, ət məhsulları baytar həkimin müayinəsindən keçirilir, ərazidə təmizliyə riayət olunurdu.
Dekabrın 26-27-də Suraxanı rayonu ərazisində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında 71 ton 400 kiloqram məhsul satılmışdır. Bunun 67 ton 400 kiloqramı Suraxanıdakı “Günəş” ticarət mərkəzinin payına düşür. Yarmarkada məhsulun bolluğu və çeşid müxtəlifliyi qiymətlərə də təsir göstərmiş, kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, pomidor, alma, armud, qoz, fındıq, üzüm, eləcə də sitrus meyvələri - feyxoa, naringi, kivi, portağal və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılmışdır.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad fermerləri sakinlərə 4 ton məhsul təklif etmişlər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada fermerlər alıcılara ucuz qiymətlərə alma, nar, kələm, kartof, kök və digər meyvə-tərəvəzlər təklif edirdilər. Sakinlər bu məhsulları həvəslə alırdılar. Şənbə və bazar günləri burada Ağsu və Qazaxdan gətirilmiş 19 tonadək meyvə-tərəvəz satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Goranboy və Bərdə fermerləri satışa müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından gətirilmiş 25 ton məhsul satılmışdır.
Alıcılar məhsulun keyfiyyətindən və qiymətindən razı qalmışlar.