BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 9 yanvar (AZƏRTAC). Yanvarın 9-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan 13 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,3 ton ağartı, 4 ton tərəvəz, 3,5 ton kartof, 0,4 ton bostan məhsulları, 3 ton meyvə, 3 min ədəd yumurta gətirilmişdi. Yarmarkada hər həftə iştirak edən gədəbəyli fermer Arzu Tanrıquliyevin dediyinə görə, bu dəfə alıcılara ucuz qiymətə 2 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur təklif edir. Yaradılan şəraitdən razıdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Belə ki, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, soğan və çuğundur 50 qəpiyə, kələm və kartof 30-40 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada qələbəlik idi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, satışa Salyan, Qusar, Astara, Dəvəçi, Quba rayonlarının fermer və şəxsi təsərrüfatlarından gətirilmiş 77,3 ton məhsul çıxarılmışdır. Həmişə olduğu kimi, bu gün də Salyan rayonu həm məhsulun həcminin çoxluğuna, həm də çeşidin müxtəlifliyinə görə birincidir. Quba, Qusar, Astara, Dəvəçi rayonlarının fermerləri isə paytaxt sakinlərinə bol ağartı, meyvə-tərəvəz təklif edirlər.
Yarmarkada mövsümi meyvə-tərəvəzin bolluğu və çeşidin müxtəlifliyi qiymətlərin xeyli aşağı düşməsinə səbəb olmuşdu. Bütün məhsullar bazarlardakından, demək olar, yarıbayarı ucuz satılırdı.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 19 tondan çox kənd təsərrüfatı məhsulu satılırdı. Giləzi və Hacqabul quşçuluq fabriklərinin nümayəndələri isə satışa 7 min 100 ədəd yumurta çıxarmışdılar.
Yarmarkada kartofun kiloqramı 30 qəpiyə, soğan 40 qəpiyə, kələm 20 qəpiyə, alma 20-50, mal əti isə 4 manat 40 qəpiyə təklif edilirdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkaya Quba, Ağcabədi, Biləsuvar, Kürdəmir, Qax və digər rayonların fermerləri 244 ton meyvə-tərəvəz, bostan və süd məhsulları gətirmişdilər. Bu məhsullar alıcılara bazarlardakından 20-30 faiz ucuz qiymətlərə təklif olunurdu.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından gətirilmiş 6 ton 900 kiloqram meyvə-tərəvəz və digər məhsullar təklif olunurdu. Məhsul bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdi. Burada kartof, soğan, yerkökü, kələm, ət, süd, alma, armud, qoz, fındıq, xurma, sitrus meyvələri - feyxoa, naringi, kivi, portağal eləcə də istixana şəraitində yetişdirilmiş göyərti, xiyar, pomidor və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılırdı.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 3 ton 200 kiloqram məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, Suraxanı sakinləri rayon ərazisində təşkil olunmuş yarmarkalardan əlidolu, razılıqla çıxırlar. Hər iki yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada alıcılara Ağsu və Qazax rayonlarından gətirilmiş 18 tonadək kartof, kələm, kök, alma, nar, çuğundur və s. təklif olunurdu. Sakinlər münasib qiymətlərə satılan məhsulları həvəslə alırdılar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Goranboy və Bərdə fermerləri ucuz qiymətlərə təzə meyvə-tərəvəz, süd məhsulları satırdılar.
Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarının fermerləri satışa 26,7 ton məhsul, 14 min ədəd yumurta çıxarmışdılar.
Xaçmazlı Müşfiq Axundov və həmyerlisi Samir Süleymanov alıcılara öz bağlarından yığdıqları 3,5 ton almanı ucuz qiymətə təklif edirdilər.
Ümumilikdə şənbə günü burada satışa Xaçmazdan 10,3 ton, Tərtərdən 7,8 ton, İmişlidən 3,4 ton, Tovuzdan 2,4 ton, Salyandan 2 ton məhsul çıxarılmışdı.
Alıcılar məhsulun keyfiyyətindən və qiymətindən razılıq edirdilər.
######
