BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan 12 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,4 ton ağartı, 3 ton tərəvəz, 4 ton kartof, 0,4 ton bostan məhsulları, 3 ton meyvə, 4 min ədəd yumurta gətirilmişdi. Yarmarkada hər həftə iştirak edən gədəbəyli fermer Arzu Tanrıquliyev bu dəfə satışa 2 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur çıxarmışdı. O, məhsulları alıcılar üçün münasib qiymətə satırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, burada qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, soğan və çuğundur 50 qəpiyə, kələm və kartof 30-40 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunmuş yarmarkada qələbəlik kənd təsərrüfatı məhsullarının bolluğu və meyvə-tərəvəzin çeşidinin müxtəliyi, qiymətlərin münasibliyi ilə bağlı idi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev məlumat verdi ki, satışa Salyan, Quba, Qusar, Astara, Dəvəçi rayonlarından gətirilmiş 81 ton məhsul çıxarılmışdır. Doğrudur, Salyan rayonu həm məhsulun həcminə, həm də çeşidin müxtəlifliyinə görə liderdir, ancaq Quba, Qusar, Astara, Dəvəçi rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri də əhaliyə bol meyvə-tərəvəz, o cümlədən kartof, soğan, alma, kələm, yerkökü, çuğundur, limon, feyxoa, heyva, nar, balqabaq və digər mövsümi kənd təsərrüfatı məhsulları təklif edirlər. Mövsümi meyvə-tərəvəzin bolluğu və çeşidin müxtəlifliyi qiymətlərin xeyli aşağı düşməsinə səbəb olmuşdur. Bütün məhsullar Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonlardan 20 tondan çox kənd təsərrüfatı məhsulu gətirilmişdi. Giləzi və Hacıqabul quşçuluq fabriklərinin nümayəndələri isə satışa 12 min ədəd yumurta çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin verdiyi məlumata görə, kartof, soğan və ətə tələbat daha çoxdur. Bu, yarmarkalara məhsul gətirən rayonların rəhbərlərinin diqqətinə çatdırılmışdır. Burada ət məhsulları həkim nəzarəti altında satılır, çəkiyə nəzarət edilir.
Alıcılardan Mirələm Bayramov, Ağası Qocayev və başqaları yarmarkadakı şəraitdən, məhsulların qiyməti və keyfiyyətindən razılıq edir, bu işi təşkil edən ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada keyfiyyətli meyvə-tərəvəz, süd məhsulları satırdılar. Şəhər sakinləri həmin məhsulların qiymətlərinin onlar üçün əlverişli olduğunu bildirirdilər. Burada alıcılara Ağcabədi, Quba, Biləsuvar, Qax və digər rayonlardan gətirilmiş 250 ton məhsul təklif olunurdu.
Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə Suraxanı rayonu ərazisindəki yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada satışa Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından gətirilmiş 60 tondan çox məhsul çıxarılmışdır. Burada məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdir. Kartof, soğan, yerkökü, kələm, ət, süd, alma, armud, qoz, fındıq, xurma, sitrus meyvələri - feyxoa, naringi, kivi, portağal eləcə də istixana şəraitində yetişdirilmiş göyərti, xiyar, pomidor və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılır. Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri isə alıcılara 3 ton məhsul təklif edirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada Qazax və Ağsudan gətirilmiş kələm, nar, kartof, alma, digər məhsullar satılırdı. Burada satışa 17 tondan çox məhsul çıxarılmışdı.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şəhər sakinləri Goranboy, Bərdə və Ağstafa fermerlərinin ucuz qiymətlərə satdıqları meyvə-tərəvəzləri həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından 24,8 ton məhsul, 15 min ədəd yumurta gətirilmişdir. Alıcılar məhsulun keyfiyyətindən və qiymətindən razılıq edirlər. Xaçmaz rayonunun Şıxhapud kənd sakini Elşad Məmmədov paytaxt sakinlərinə 2 ton, Yergüc kənd sakini Elçin Mürşüdov isə 2,5 ton meyvə təklif edir.
######
