BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 16 yanvar (AZƏRTAC). Yanvarın 17-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bazar günü alıcılara 10 ton məhsul, o cümlədən 1 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 3,5 ton kartof, 2 ton meyvə, 2,5 min ədəd yumurta təklif olunmuşdur. Məhsullar bazarlardakından 20-25 faiz ucuz satılmışdır.
Alıcılar Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş məhsulların keyfiyyətindən razı qalmış, təşkilatçılara və fermerlərə təşəkkür etmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev məlumat verdi ki, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunmuş yarmarkada iki gün ərzində Salyan, Quba, Qusar, Astara, Dəvəçi rayonlarından gətirilmiş 81 ton məhsul satılmışdır. Mövsümi meyvə-tərəvəzin bolluğu və çeşidin müxtəlifliyi qiymətlərin xeyli aşağı düşməsinə səbəb olmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada keyfiyyətli meyvə-tərəvəz, süd məhsulları satırdılar. Şəhər sakinləri həmin məhsulların qiymətlərinin onlar üçün əlverişli olduğunu bildirirdilər. Burada şənbə və bazar günü alıcılara Ağcabədi, Quba, Biləsuvar, Qax və digər rayonlardan gətirilmiş 250 ton məhsul satılmışdır.
Şənbə və bazar günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda 63 tondan çox məhsul satılmışdır. Bu dəfə də şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə satışa, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Rayonun “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından gətirilmiş 60 ton 88 kiloqram məhsul təklif olunmuşdur. “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 3 ton məhsul satmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkaya fermerlər təzə meyvə-tərəvəzlər gətirmişdilər. Şəhər sakinləri ucuz qiymətlərə təklif olunan almanı, narı, kartofu, kələmi və digər məhsulları həvəslə alırdılar.
Şənbə və bazar günləri yarmarkada 16 tonadək meyvə-tərəvəz satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada iki gün ərzində Bərdə, Ağstafa və Goranboy fermerləri ucuz qiymətlərə keyfiyyətli kənd təsərrüfatı məhsulları satmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə və bazar günləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından gətirilmiş 24,8 ton məhsul, 15 min ədəd yumurta satılmışdır.
######
