BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 23 yanvar (AZƏRTAC). Yanvarın 23-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan 13 tondan çox məhsul, o cümlədən 2,4 ton ət, 0,4 ton ağartı, 4 ton tərəvəz, 3 ton kartof, 0,3 ton bostan məhsulları, 3,5 ton meyvə, 3 min ədəd yumurta gətirilmişdi. Alıcılar məhsulların keyfiyyətindən və ucuzluğundan razılığını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov demişdir ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, soğan və çuğundur 50 qəpiyə, kələm və kartof 30-40 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılır. Bu gün 368-ci yarmarka keçirilir. İlk yarmarkadan bəri 83 min 746,3 ton məhsul satılmışdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada şəhər sakinlərinə Salyan, Quba, Qusar, Astara, Dəvəçi rayonlarından gətirilmiş meyvə-tərəvəz satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin bildirdiyinə görə, satışa 77,7 ton məhsul çıxarılmışdır. Bu gün də Salyan rayonu həm məhsulun həcminə, həm də çeşidin müxtəlifliyinə görə birincidir. Bütün məhsullar bazarlardakından yarıbayarı ucuz satılır.
Yarmarkadan əlidolu çıxan Eldar Əyyubov:
- Adətən, ilin bu fəslində bazarlarda meyvə-tərəvəz alverçilərin nəzarəti altında olur və onlar da bu məhsulları istədikləri qiymətə satırlar. Hər həftənin şənbə və bazar günlərində paytaxt sakinlərini ucuz və keyfiyyətli meyvə-tərəvəzlə təmin etmək üçün belə yarmarkaların təşkilinə görə ölkə rəhbərliyinə minnətdalığımı bildirirəm. Bu yarmarkalarda məhsul bol və ucuzdur. Ona görə də həftə ərzində bizə lazım olan kənd təsərrüfatı məhsulunu ala bilirik.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonlardan 18 tondan çox kənd təsərrüfatı məhsulu gətirilmişdi. Burada satışa, həmçinin, Giləzi və Hacqabul quşçuluq fabriklərindən 21 min ədəd yumurta da çıxarılmışdı.
Qəsəbə sakinləri yarmarkadakı şəraitdən, məhsulların qiymət və keyfiyyətindən razılıq edərək bu işi təşkil edənlərə minnətdarlıqlarını bildirirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada əhaliyə Quba, Ağcabədi, Qax, Biləsuvar və digər rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları təklif olunurdu. Ümumilikdə yarmarkaya 240 tondan çox meyvə-tərəvəz, ağartı çıxarılmışdı.
Kənd Təsərrüfatı nazirliyinin əməkdaşı Mustafa Rüstəmovun verdiyi məlumata görə, Suraxanı rayonunda “Günəş” ticarət mərkəzindəki yarmarkaya və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkayaya Samux, Daşkəsən, Quba, Biləsuvar və Cəlilabad rayonlarından 65 tona yaxın kartof, soğan, yerkökü, kələm, ət, süd, alma, armud, qoz, fındıq, xurma, naringi, portağal eləcə də istixana şəraitində yetişdirilmiş göyərti, xiyar, pomidor və digər məhsullar gətirilmişdir.
Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada satışa Qazax və Ağsudan gətirilmiş 18 tonadək meyvə-tərəvəz, bostan və süd məhsulları çıxarılmışdı. Bu məhsullar alıcılara sərfəli qiymətlərə satılırdı.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Ağstafa və Goranboy fermerləri şəhər sakinlərinə bazardakından 25-30 faiz ucuz kənd təsərrüfatı məhsulları təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada satışa Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından gətirilmiş 29,8 ton məhsul çıxarılmışdı.
Yarmarkada alıcılara 14 ton meyvə, 11 ton tərəvəz, 3,2 ton kartof, 0,1 ton konserv məhsulları, 0, 9 ton ət və 0, 4 ton ağartı, 20 min ədəd yumurta, 1000 dəstədən artıq göyərti təklif olunurdu. Alıcılar məhsulun keyfiyyətindən və qiymətindən razılıq edirdilər.
Nərimanov Rayon İcra başçısının və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.