BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 25 yanvar (AZƏRTAC). Yanvarın 24-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada bazar günü Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 8 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,3 ton ağartı, 2 ton tərəvəz, 2,5 ton kartof, 0,3 ton bostan məhsulları, 1,5 ton meyvə, 3 min ədəd yumurta satılmışdır.
Yarmarkada hər həftə iştirak edən gədəbəyli fermer Arzu Tanrıquliyev bu dəfə paytaxt sakinlərinə 1 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur təklif edirdi. O, məhsulları ucuz qiymətə satır, yaradılan şəraitdən razılığını bildirirdi.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada meyvə-tərəvəzin bolluğu, çeşidin müxtəlifliyi ilk baxışdan diqqəti cəlb edirdi.
Satışa çıxarılan mövsümi kənd təsərrüfatı məhsullarının, xüsusilə alma, heyva, nar, kələm, soğan, kartof, xiyar, pomidor, sitrus meyvələri, qoz, fındıq, şabalıd, balıq, ət, ağartı məhsullarının alıcıları daha çox idi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev məlumat verdi ki, yarmarkada şənbə və bazar günləri Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 77,7 ton meyvə-tərəvəz satılmışdır. Burada məhsullar bazarlara nisbətən 30-40 faiz, hətta bəziləri yarıbayarı ucuz təklif olunur. Məsələn, xiyarın kiloqramı 70-80 qəpiyə, pomidor 80, kartof 50-60, alma 20-40, heyva 30-50, balqabaq 20-30, göyərtinin dəstəsi 5-10 qəpiyə və s. satılır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada sakinlərə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu. Alıcılar kartofun, alamanın, xurmanın, soğanın, digər meyvə - tərəvəzin və süd məhsullarının qiymətlərinin bazardakından xeyli ucuz olduğunu söyləyirdilər. İki gün ərzində burada Quba, Ağcabədi, Qax, Biləsuvar və digər rayonların fermerləri yarmarkada 240 tondan çox məhsul satmışlar.
Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə Suraxanı rayonu ərazisində keçirilən yarmarkalarda satışa əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Mustafa Rüstəmov bildirdi ki, “Günəş” ticarət mərkəzində, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada satışa Samux, Daşkəsən, Quba, Biləsuvar, Cəlilabad rayonlarından gətirilmiş 60 tondan çox məhsul çıxarılmışdır. Hər iki yarmarkada qiymətlər bazardakından 25-30 faizə qədər ucuzdur. Yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada fermerlər müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif edirdilər. Şəhər sakinləri Ağsu və Qazax rayonlarından gətirilmiş həmin məhsulları ucuz qiymətlərə ala bildiklərini söyləyirdilər. Şənbə və bazar günləri yarmarkada 17 tonadək meyvə-tərəvəz, bostan məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Goranboy, Bərdə və Ağstafa fermerləri satışa nar, kələm, alma, kartof və digər məhsullar çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə və bazar günləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından gətirilmiş 29,8 ton məhsul, o cümlədən 14 ton meyvə, 11 ton tərəvəz, 3,2 ton kartof, 0,1 ton konserv məhsulları, 0, 9 ton ət və 0, 4 ton ağartı, 20 min ədəd yumurta, 1000 dəstədən artıq göyərti satılmışdır.
######
