BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 30 yanvar (AZƏRTAC). Yanvarın 30-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan 12 tondan çox məhsul gətirilmişdi. Yarmarkada hər həftə iştirak edən gədəbəyli fermer Arzu Tanrıquliyev bu dəfə alıcılara 2 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur təklif edirdi. O, məhsulları ucuz qiymətə satdığını və yaradılan şəraitdən razılığını bildirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Belə ki, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, soğan və çuğundur 50, kələm, kartof və balqabaq 30-40, yumurtanın biri 8 qəpiyə və s. satılırdı.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunmuş yarmarkada Salyan, Astara, Quba, Qusar, Dəvəçi rayonlarının fermerləri satışa bol meyvə-tərəvəz, o cümlədən kartof, soğan, alma, kələm, yerkökü, çuğundur, naringi, limon, heyva, nar, balqabaq, göyərti, ət, ağartı və digər mövsümi kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirmişdir ki, paytaxt sakinlərinə 78,7 ton məhsul təklif olunur. Bu məhsulun təqribən yarısı Salyan rayonunun payına düşür. Qiymətlər bazarlarla müqayisədə yarıbayarı ucuzdur.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonlardan 16 tondan çox kənd təsərrüfatı məhsulu gətirilmişdi. Burada satışa Giləzi və Hacıqabul quşçuluq fabriklərindən 9 min 800 ədəd yumurta da çıxarılmışdı.
Salyandan mal əti gətirmiş Baba Muradov bildirmişdir ki, artıq qəsəbədə onun daimi müştəriləri var və təklif edilən məhsul qısa zamanda satılır. Ətin kiloqramını 4 manat 40 qəpiyə satan fermer vurğulamışdır ki, bundan sonra da yarmarkaya keyfiyyətli məhsul gətirəcəkdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyevin sözlərinə görə, malların keyfiyyətinə ciddi nəzarət olunur, qiymətlər münasibdir.
“Əhmədli” metro stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Ağcabədi, Quba, Biləsuvar, Qax, Kürdəmir və digər rayonların fermerləri paytaxt sakinlərinə 241 ton kənd təsərrüfatı məhsulları, o cümlədən alma, narıngi, kələm, kartof, bal və heyvandarlıq məhsulları təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada Samux, Daşkəsən, Quba, Biləsuvar, Cəlilabad rayonlarının fermerləri satışa 60 tondan artıq məhsul çıxarmışlar. Məhsul bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdir. Kartof, soğan, yerkökü, kələm, ət, süd, alma, armud, qoz, fındıq, xurma, sitrus meyvələri - feyxoa, naringi, kivi, portağal, eləcə də istixana şəraitində yetişdirilmiş göyərti, xiyar, pomidor və s. bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılır. Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada Qazax və Ağsudan gəlmiş fermerlər ucuz qiymətlərə kök, alma, turp, kələm, nar, qoz, kartof və digər kənd təsərrüfatı məhsulları satırdılar. Şəhər sakinləri burada həvəslə bazarlıq edirdilər. Yarmarkaya, ümumilikdə, 17 tondan çox meyvə-tərəvəz, süd məhsulları çıxarılmışdı.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Ağstafa, Goranboy və Bərdə fermerləri alıcılara münasib qiymətlərə müxtəlif çeşiddə meyvə-tərəvəz təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan və Daşkəsən rayonlarından 23,8 ton məhsul gətirilmişdir.
Xaçmaz rayonunun Hülovlu kənd sakini Tərlan Əhmədov paytaxt sakinlərinə 2 tona yaxın meyvə-tərəvəz, Qusarçay kənd sakini Coşqun Fərzəliyev isə 1,5 ton meyvə təklif edirdilər. Alıcılar bu məhsulları həvəslə alır, qiymətdən razılıq edirdilər.
######
