BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 1 fevral (AZƏRTAC). Yanvarın 31-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdı. Burada şəhər sakinlərinə Hacıqabul, Sabirabad, Gədəbəy və digər rayonlardan gətirilmiş10 tondan çox məhsul təklif olunurdu. Alıcı Zeynəb Hüseynovanın sözlərinə görə, yaxın ərazidə yaşadığından hər həftə buradan bazarlıq edir. Deyir ki, məhsulların qiyməti münasib, keyfiyyəti isə yüksəkdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin məlumatına görə, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada şənbə və bazar günləri Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 78,7 ton meyvə-tərəvəz satılmışdır.
Yarmarkada əksər məhsullar bazarlara nisbətən yarıbayarı ucuz təklif olunurdu. Məsələn, xiyarın kiloqramı 70-80, pomidor 1 manat-1 manat 50, kartof 50-60, alma 30-50, balqabaq 20-30 qəpiyə, mal əti 4 manata, balıq, növlərindən asılı olaraq, 3-5 manata, göyərtinin dəstəsi 5-10 qəpiyə və s. satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada, işçi qrupun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri 241 ton kənd təsərrüfatı məhsulları satılmışdır. Ağcabədi, Quba, Biləsuvar, Qax, Kürdəmir və digər rayonların fermerləri məhsulları bazardakından xeyli ucuz qiymətə təklif etmişlər.
Suraxanıda “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada Samux, Daşkəsən, Quba, Biləsuvar, Cəlilabad rayonlarının fermerləri iki gün ərzində 60 tondan çox məhsul satmışlar. Hər iki yarmarkada məhsul bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdir. Belə ki, meyvə-tərəvəz bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada şənbə və bazar günləri Ağsu və Qazaxdan gətirilmiş 16 tonadək kənd təsərrüfatı məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Goranboy, Bərdə və Ağstafa fermerləri alma, kələm, kök, nar, kartof, çuğundur və digər məhsulları bazarlarla müqayisədə xeyli ucuz satmışlar.
Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə və bazar günləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından gətirilmiş 23,8 ton məhsul satılmışdır. Burada alıcılar məhsulun keyfiyyətindən və qiymətindən razı qalmışlar.