Bakıda “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” mövzusunda konfrans keçirilib
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı münasibətlər, əməkdaşlıq əlaqələri və birgəyaşayış mədəniyyətinin perspektivlərinə həsr olunmuş tədbirdə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, Milli Məclisin deputatları, o cümlədən ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələri iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan Azərbaycan Bəhai dini icmasının rəhbəri Ramazan Əsgərli bildirib ki, ölkədəki tolerantlıq mühiti, dinlərarası münasibətlərin yüksək səviyyədə olması, ölkənin vətəndaş müharibəsi təhlükəsindən xilas edilməsi, hətta regionun münaqişələr alovunda yandığı bir vaxtda sabitlik adası kimi saxlanması və gələcək inkişaf yoluna çıxarılması birbaşa Ulu Öndər Heydər Əliyevin siyasi dühasının nəticəsi idi.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib ki, Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin ölkəmizə marağı, məkrli niyyətlər qarşısında güclü olmaq zərurəti dinindən, məzhəbindən asılı olmayaraq hər bir vətəndaşımızın üzərinə məsuliyyət qoyur.
Azərbaycanın tolerant ölkə olduğunu söyləyən Milli Məclis sədrinin müavini ölkəmizin Vətən müharibəsindəki Qələbəsini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşısında qoyduğu əsas məsələlərdən biri dövlət-din münasibətlərinin tənzimləməsi idi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızda dini etiqad azadlığı, söz və vicdan azadlığı ilə bağlı müddəaların olduğunu xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib. Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri birgə yaşayırlar. Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqətlə yanaşır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bu gün Azərbaycanda 30-dan çox fərqli dinə, mədəniyyətə malik xalqın yaşadığını vurğulayıb. O, Azərbaycanda tarix boyu bütün dinlərin nümayəndələrinin harmoniya və qardaşlıq mühitində yaşadıqlarına diqqət çəkərək, dövlətin bu sahəyə xüsusi diqqət ayırmasından bəhs edib.
Konfransda digər çıxış edənlər birgəyaşayışla bağlı meyillərin gücləndirilməsi üçün ölkəmizdə zəruri tədbirlərin həyata keçirildiyindən, Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoqun dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunmasından danışıblar.