BAKIDA MÜQƏDDƏS MƏRYƏM ANA KİLSƏSİNİN RƏSMİ AÇILIŞI OLMUŞDUR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Martın 7-də Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin rəsmi açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında Azərbaycanın “A+A” şirkətlər qrupu tərəfindəın inşa olunmuşdur. Müasir üslubda tikilən və 1256 kvadratmetr sahəsi olan binada istilik, havalandırma, yanğınsöndürmə sistemləri quraşdırılmışdır. Tikintini Vatikan Dövləti maliyyələşdirmişdir. Binanın girişində kilsənin təməlinin qoyulduğu tarix, memarların və inşaatçı şirkətin adları yazılmış lövhə vurulmuşdur.
Kilsənin eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu var.
“Azərbaycan və Vatikan əlaqələri”, “Roma Papası II İoann Pavelin Azərbaycana səfəri” guşələrində ulu öndər Heydər Əliyevin 1997-ci ildə Vatikana, 2002-ci ildə Roma Papasının ölkəmizə və 2005-ci ildə Prezident İlham Əliyevin Vatikana səfərlərini, keçirilən görüşləri əks etdirən fotoşəkillər toplanmışdır. 2007-ci ilin aprelində Polşa Prezidenti Lex Kaçinski Azərbaycana səfəri zamanı kilsədə olmuş və buraya üç ədəd zəng bağışlamışdır. Zənglər həftədə və bayram günlərində duadan öncə bir dəfə çalınır. Polşanın Bakıdakı səfirliyinin hədiyyə etdiyi II İoann Pavelin portreti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Roma Katolik Kilsəsinin ölkəmizdəki nümayəndəliyinə hədiyyəsi olan “İsa Məsih.XIX” heykəli kilsənin görkəmli yerlərinə qoyulmuşdur.
Hazırda Azərbaycanda 600-dək katolik var ki, onların da 300 nəfəri respublikamızın müxtəlif yerlərində daimi yaşayırlar. Bakıda 1912-ci ildə neft maqnatları - Rılskilər ailəsi tərəfindən Müqəddəs Məryəm katolik kilsəsi (memarı İ.K.Ploşko) inşa edilmişdi. Sovet dövründə 1934-cü ildə kilsə dağıdılmış və onun yerində Dzerjinski adına klub - indiki Şəhriyar adına Mədəniyyət Evi tikilmişdir.
Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və ölkəmizdə səfərdə olan Vatikanın dövlət katibi kardinal Tarçizio Bertoneni binanın önündə kilsənin baş keşişi Yan Çapla böyük hörmət və ehtiramla qarşıladı.
Azərbaycan Dövlət Xor Kapellasının ifasında mahnı səsləndikdən sonra YAN ÇAPLA mərasimi Azərbaycan dilində açaraq dedi:
- Azərbaycanda bu gün katolik cəmiyyətinin həyat rəmzi olan kilsənin açılması dünya Katolik kilsəsi üçün yaddaqalan bir gündür. Bu gün Azərbaycanın xristian katolikləri ona görə minnətdardırlar ki, Allahı tərifləmək və mənəvi dəyərləri zənginləşdirməyimiz üçün bizim yerimiz var. Qoy bu gün bu ölkədə hamının dinc, yanaşı yaşaması və həmrəyliyinin xoş ənənəsi olsun.
İndi isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən nitq söyləməsini xahiş edirik.
![]() |
![]() |
![]() |


