İQTİSADİYYAT
Bakıda payız-qış mövsümünə hazırlıqla bağlı mühüm işlər görülmüşdür
Bakı, 5 noyabr (AZƏRTAC). Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyi (İB) ölkənin qaz təchizatı sisteminin daha da yaxşılaşdırılması, istehlakçıların təbii qazla fasiləsiz təmin olunması məqsədi ilə Bakı şəhərində də bir sıra zəruri tədbirlər həyata keçirmişdir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Nərimanov rayonunun Azadlıq prospekti, Ş.Mustafayev, A.Nemətulla, M.Qaşqay, Ə.Əliyev, Y.V.Çəmənzəmənli, X.Şuşinski, O.Kərimov, A.Heydərov və Bakı ət kombinatı küçələrində təbii qaz təchizatının yaxşılaşdırılması üçün 954 metr uzunluğunda yeni qaz xətləri çəkilmiş, 8 qaztənzimləyici və 6 siyirtmə quraşdırılmışdır.
Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıq işləri tamamlanmışdır. Zığ qəsəbəsinin Cənub-şərq yaşayış massivində, Hövsan qəsəbəsinin bir hissəsində, Əmircan qəsəbəsi 5 nömrəli binanın yaxınlığında, Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə, Yeni Günəşli qəsəbəsində A/B yaşayış massivində, Yeni Suraxanı qəsəbəsinin 14 İyul və Dağüstü küçələrində 156 metr uzunluğunda korroziyaya uğramış qaz xətti yenisi ilə əvəz edilmiş, 6 qaztənzimləyici və 23 siyirtmə quraşdırılmışdır.
Bakının Yasamal rayonunda da 2013-2014-cü illərin payız-qış aylarında istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təchizatı məqsədi ilə A.Sultanova, Şərifzadə, Ü.Əkbərov, 1-ci Yasamal və 9-cu Sallaqxana küçələrində, eləcə də A.Abbasov küçəsindəki “Su anbarı” adlanan ərazidə 4 ədəd qaztənzimləyici yenisi ilə əvəz olunmuşdur. Bununla yanaşı, Z.Xəlilov küçəsində korroziyaya uğramış qaz xətti yenisi ilə əvəz edilmişdir.
Xətai rayonunun M.Hadi, Qafqaz və Naximov, Nizami rayonunun Ə.Hacıyev və O.Vəliyev, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki məktəb, 20-ci sahədəki E.Əzizov və Ş.Allahverdiyev küçələrində abonentlərin qaz təchizatının yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirilmişdir. Nəsimi, Binəqədi, Qaradağ, Sabunçu, Xəzər rayonlarında da bu istiqamətdə mühüm işlər görülmüşdür ki, nəticədə 2013-2014-cü illərin payız-qış mövsümündə abonentlərin təbii qazla təmin edilməsi üçün imkan yaranmışdır.