BAKIDA QARŞILIQLI ROUMİNQ EKSPERTLƏR QRUPUNUN İLLİK İCLASI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 27-dən 30-dək “Hyatt Regency” mehmanxanasında GSM Assosiasiyası tərəfindən təşkil olunan Qarşılıqlı Rouminq Ekspertler Qrupunun (QREQ) illik iclası keçiriləcəkdir.
Bu münasibətlə dünyanın 50 ölkəsindən 120-dən çox ekspert Bakıya gələcəkdir.
Sentyabrın 23-də “Azercell Telekom” MMC ev sahibi olacağı beynəlxalq iclasla bağlı mətbuat konfransı keçirmişdir.
Mətbuat konfransında çıxış edən şirkətin vitse-prezidenti Ali Ağan bildirmişdir ki, bu tədbirin Azərbaycanda keçirilməsi qərarı ölkəmizin dünya iqtisadiyyatındakı rolunun göstəricisidir.
Qeyd edilmişdir ki, Bakıdakı toplantı QREQ-in 55-ci iclası olacaqdır. Ötən il isə bu tədbir Çex Respublikasının paytaxtı Praqada keçirilmişdir. 3G GSM sahəsində təkamül meyillərini nəzərə alaraq, QREQ beynəlxalq rouminqi dəstəkləyən texniki, əməliyyat və işçi məsələlərini araşdırır.
Konfrans çərçivəsində görüşlər, seminarlar keçiriləcək və mövzu ilə bağlı müzakirələr aparılacaqdır.
3,5 milyonluq abonent bazası ilə “Azercell” ölkədə ən yüksək keyfiyyətli rabitə xidmətlərini göstərən mobil rabitə operatorudur. 1996-cı ildə təsis edilmiş və həmin ildən etibarən fəaliyyət göstərən “Azercell” Azərbaycana 1 milyard ABŞ dollarına yaxın sərmayə yatırmışdır.