Bakıda rus bəstəkarı Rimski-Korsakovun 180 illiyi qeyd olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Bakıdakı Rus evində görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun anadan olmasının 180 illiyinə həsr olunmuş konsert və sərgi keçirilib. Tədbir Bakıdakı Rus evi, Rusiya Milli Musiqi Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə baş tutub.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bayram gecəsinin əvvəlində Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov iştirakçıları salamlayıb.
Görkəmli bəstəkarın yubileyi üçün Rusiya Milli Musiqi Muzeyi Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə məxsusi olaraq “Nağıllar kralı” adlı unikal sərgi hazırlanıb. Sərgidə XIX əsrin sonu - XX əsrin əvvəllərinin məşhur teatr rəssamları, səhnə rəssamlığında modernizmin görkəmli nümayəndələri M.Vrubel, K.Korovin, İ.Bilibin, P.Lambin, S.Malyutin, A.Benua, A. Qolovin, B. Anisfeld, həmçinin sovet teatr rəssamlarının yaratdığı dekorasiya və geyim eskizləri var. Eksponatlar arasında Rimski-Korsakovun əsərlərinin ilk nəşrləri, bəstəkarın orijinal əlyazmaları və məşhur müğənnilərin - bəstəkarın operalarının ilk ifaçılarının fotoşəkilləri də yer alıb.
Tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina Rimski-Korsakovun yaradıcılığının unikallığı, nəhəng həcmi və nadir universallığından danışıb.
Yüksək səviyyəli ifaçılar tamaşaçılar üçün N.A.Rimski-Korsakovun opera və kamera-vokal yaradıcılığının şah əsərlərindən ibarət musiqi çələngi hazırlayıblar.
Konsertdə Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, Kristina Əfəndiyevanın dirijorluğu ilə Bakıdakı Arxangel Mixail kilsəsinin xoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, beynəlxalq müsabiqələr laureatı Nəriman Əliyev, Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova və Elyar Əliyev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan və başqaları çıxış ediblər.