Bakıda “Startup günləri” keçiriləcəkdir
Bakı, 4 noyabr (AZƏRTAC). Noyabrın 7-dən 9-dək Bakıda “Startup günləri” keçiriləcəkdir.
“Startup Azərbaycan” Təşkilat Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirin keçirilməsində məqsəd “İnformasiya- kommunikasiya texnologiyaları ili” elan olunan cari ildə ölkədə milli startup infrastrukturun inkişafına təkan verməkdir.
“Startup günləri” çərçivəsində təlimlər və yeni İnternet layihələr üzrə yarışmalar təşkil olunacaq, yerli startup sahibləri ilə görüşlər keçiriləcəkdir.
Konfransda ölkədə startup infrastrukturun formalaşması sahəsində mövcud vəziyyət, yeni startupların stimullaşdırılması və investisiya imkanları barədə məlumat veriləcəkdir. Yeni yaradılan qurumların- İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının startuplara göstərəcəyi dəstək ətrafında müzakirələr aparılacaqdır.
Tədbirdə təqdim olunan startup layihələri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Qaliblərə qiymətli hədiyyələr, diplomlar və sertifikatlar təqdim olunacaqdır.
“Startup günləri” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yüksək Texnologiyalar Parkı və “İnfiPro” şirkətinin dəstəyi və “Bakcell”in sponsorluğu ilə keçirilir.