BAKIDA TEZLİKLƏRİN İDARƏ OLUNMASI ÜZRƏ İŞÇİ QRUPUNUN 64-CÜ TOPLANTISI İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də Bakıda “Holiday İNN” hotelində tezliklərin İdarə olunması üzrə işçi qrupunun Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Poçt və Telekommunikasiya Administrasiyaları Avropa Konfransının (CEPT) birgə təşkil etdikləri 64-cü toplantısı öz işinə başlamışdır.
Tədbirdə CEPT ölkələrinin tezliklərin tənzimlənməsi sahəsinin mütəxəssisləri üçün radiotezliklərin idarə olunmasına dair məsələlər müzakirə ediləcəkdir.
Avropanın otuz ölkəsinin Almaniya, o cümlədən İngiltərə, Fransa, Finlandiya, Rumıniya və Litvanın təmsil olunduğu toplantıda 100-dən artıq mütəxəssis iştirak edir. İclas Rusiya nümayəndə heyətinin başçısı Sergey Pastuxun sədrliyi ilə keçirilir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, 2003-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini təsdiqləyən ilk rəsmi sənəd olmuşdur.
İclas sentyabrın 26-dək davam edəcəkdir.
Qeyd edək ki, CERP 1959-cu ildə yaradlmışdır, Azərbaycan 2001-ci ildən bu təşkilatın üzvüdür.
######
![]() |
![]() |

