Bakıda tullantıların davamlı idarəolunması sahəsində ilk beynəlxalq seminar keçirilir
Bakı, 18 iyun (AZƏRTAC). “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Fransanın “CNİM S. A.” şirkətinin maliyyə dəstəyi və Azərbaycan Diplomatik Akademiyasının, Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurasının (SYNERGIA), ABŞ-ın Kolumbiya Universitetinin, Xəzər Enerji və Əraf Mühit Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə “Tullantıdan enerjiyə tullantıların davamlı idarə olunmasının ayrılmaz hissəsi kimi və Bakı şəhərinin təcrübəsi” mövzusunda Beynəlxalq seminar keçirilir.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 5 gün davam edəcək tədbirdə Almaniya, Böyük Britaniya, ABŞ, İtaliya, Belçika, Avstriya, Yunanıstan, Türkiyə, İndoneziya, Braziliya, Hindistan, Oman, Livan, Qana, Nigeriya və s. ölkələrin nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində SYNERGIA təşkilatının prezidenti, professor Efstratios Kalogirou, ABŞ-ın Kolumbiya Universitetinin professoru və Yer Mühəndisliyi Mərkəzinin rəhbəri Nikolaos Themelis, Tullantıdan Material və Enerji Tədqiqat Mərkəzinin (MatER) rəhbəri, professor Stefano Consonni, Leuven Universiteti kimya mühəndisliyi fakültəsinin professoru Carlo Vandecasteele, UV&P Ətraf Mühitin İdarəolunması və Mühəndisliyi şirkətinin baş direktoru Franz Neubacher, həmçinin bu sahədə fəaliyyət göstərən qurum və layihə rəhbərləri, yerli mütəxəssislər mühazirələrlə çıxış edəcəklər.
Seminar zamanı tullantıdan enerjiyə sahəsinin texniki aspektləri, ətraf mühitin mühafizəsinə müsbət təsirləri və iqtisadi səmərəliliyi, mexaniki-bioloji emal, bioqazların bərpası sistemi və tullantıların basdırılması kimi mövzular müzakirə ediləcəkdir.
İyunun 17-də seminarın açılışı mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan “Təmiz Şəhər” ASC idarə heyətinin sədri Zakir İbrahimov Azərbaycanda bu sahədə görülən işlər və qurumun həyata keçirdiyi layihələr barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, tullantıların düzgün idarəedilməsi məqsədilə müasir standartlara uyğun poliqon yaradılmış, ildə 500 min ton məişət tullantısını zərərsizləşdirməklə yanaşı, alternativ enerji kimi 231,5 milyon kvt/s elektrik enerjisi istehsal edəcək zavod və illik 200 min ton gücə malik tullantıların çeşidlənməsi zavodu istifadəyə verilmişdir.
Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı görülən işlər, nəzərdə tutulan tədbirlər və Azərbaycanda “yaşıl biznes”in inkişaf imkanları barədə tədbir iştirakçılarına geniş məlumat verən Z.İbrahimov, tullantıların idarəedilməsi sahəsində Azərbaycan təcrübəsinin inkişaf etməkdə olan ölkələr üçün uğurlu nümunə ola biləcəyini vurğulamış, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Diplomatik Akademiyasının icraçı prorektoru Fariz İsmayılzadə beynəlxalq seminarın Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Seminar təqdimatlarla davam etdirilmişdir.
“Tullantıdan enerjiyə tullantıların davamlı idarəolunmasının ayrılmaz hissəsi kimi” mövzusunda Beynəlxalq seminar hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il Bakıda keçirilən tədbir haqqında ətraflı məlumatı “Təmiz Şəhər” ASC-nin rəsmi internet səhifəsindən http://tamizshahar.az/seminar.php əldə etmək mümkündür.