BAKIDA VETERİNAR LABORATORİYA ŞƏBƏKƏSİ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Bakı, 15 dekabr (AZƏRTAC). Dekabrın 15-də Bakıda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Yüksək patogenli qrip və digər quş xəstəlikləri üzrə veterinar laboratoriya şəbəkəsi” mövzusunda beynəlxalq seminar keçirirlər.
Seminarda Mərkəzi Asiya və Şərqi Avropa Laboratoriya Şəbəkəsinə üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, İran, Pakistan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın nümayəndələri iştirak edirlər. Belarus, Ukrayna və Moldova təmsilçiləri seminara məşvərətçi qismində qatılmışlar.
Tədbiri açan kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev layihənin əsas məqsədinin ərzaq təhlükəsizliyinin davamlılığının təminatına yardım etmək olduğunu bildirmiş və Azərbaycanda A qripi virusuna qarşı aparılan preventiv tədbirlər haqqında məlumat vermişdir. Nazir müavini yüksək patogenli quş qripi və digər xəstəliklərlə mübarizə aparılması istiqamətində laboratoriyanın yaradılması və onun inkişaf etdirilməsinin zəruriliyini qeyd etmişdir.
Daha sonra KTN yanında Baş Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov, FAO-nun Azərbaycan ofisinin rəhbəri Təranə Bəşirova və qurumun Baş Baytarlıq İdarəsinin nümayəndəsi Qolam Kianu çıxış edərək tədbirin keçirilməsini yüksək qiymətləndirmişlər.
Çıxışlardan sonra öz işini E.Şahbazovun sədrliyi ilə “FAO-nun Veterinar Laboratoriya Şəbəkəsinin laboratoriyalar üçün yanaşmaları” adlı bölmə iclasında davam etdirən tədbirdə ekspertlər Qvenell Dofin “Veterinar laboratoriya şəbəkələri üçün FAO-nun yanaşmaları”, Marko De Nardi “Venesiya Eksperimental Zooprofilaktika İnstitutu ilə tanışlıq” adlı məruzələrlə çıxış etmişlər.
“Veterinar laboratoriyaların imkanları” mövzusunda bölmə iclasında isə tədbirdə iştirak edən dövlətlərin milli laboratoriya şəbəkələri barədə məlumat verilmişdir.
Sonda mövzu ətrafında fikir mübadiləsi və diskussiyalar aparılmışdır.
Seminar dekabrın 18-dək davam edəcəkdir.