Bakıdakı 3 nömrəli uşaq evində rus dili və təsviri sənət tədris olunmağa başlamışdır
Bakı, 5 fevral (AZƏRTAC). Noyabrın 4-də Bakı şəhərindəki 3 nömrəli uşaq evinə xeyli qonaq - böyüklər və uşaqlar toplaşmışdılar. Bu görüş iki yeni sinfin - rus dili və təsviri sənət siniflərinin rəsmi açılışı ilə əlaqədar olaraq keçirilmişdir.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yeni dərs ilinin başlanması münasibətilə “Rossotrudniçestvo” agentliyinin və RİMM-in Bakı şəhərindəki nümayəndəliyinin əməkdaşları uşaq evində rus dili və təsviri sənət üzrə xeyriyyə məşğələləri təşkil etmişlər. RİMM-in ən yaxşı müəllimləri - Südabə Abbasova və Münəvvər Muxtarova bu fənləri təmənnasız tədris etməyi öhdələrinə götürmüşlər.
Uşaq evində xüsusi siniflərin olmadığını nəzərə alaraq “Rossotrudniçestvo” agentliyinin nümayəndəliyi onlara hər cür lazımi avadanlıq təqdim etmişdir. Bakıdakı “Sənin kitab evin” mağazasının direktoru Zaur Niftiyev könüllü olaraq bu işə qoşulmuşdur.
Bayram çox gözəl keçmişdir. Qonaqlar və ev sahibləri yeni siniflərə baxmışlar, hamı çox razı qalmışdır. Görüşdə iştirak edən mütəxəssislər bildirmişlər ki, dərs otaqları müasirdir və fənləri mənimsəməkdə uşaqlara kömək edəcəkdir.
Uşaq evinin direktoru Məhbubə Hüseynova Azərbaycan dilində danışmış, müəllim Südabə Abbasova isə tərcüməçi rolunda çıxış etmişdir. Direktor demişdir: “Biz uşaqlar üçün rus dilinin, rəsmin tədrisini təşkil etməyi çoxdan arzulayırdıq. Arzumuz həyata keçdi. Kollektivimizə göstərilən diqqətə görə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinə və “Rossotrudniçestvo”nun nümayəndəliyinə təşəkkür edirik”.
Sonra bayram konserti olmuşdur. Konsertdə uşaq evinin yetirmələri və onların qonaqları - Bakı şəhərindəki 145 nömrəli məktəbin şagirdləri iştirak etmişlər. “Böyük şəxsiyyətlər böyük rus dili haqqında” mövzusunda ədəbi kompozisiya, rus və Azərbaycan xalq rəqsləri, digər xalqların rəqsləri ifa olunmuşdur.
Bayram başa çatdıqdan sonra “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov demişdir: “Uşaq evinin kollektivi ilə çoxdan dostluq edirik. İlin əvvəlində onlar Bakıda keçirilmiş böyük beynəlxalq festivalda Rusiya Federasiyası xalqlarının mədəniyyətini təmsil etmişlər. Gənc dostlarımız o zaman layiq olduqları birinci yeri tutmuşdular. İndi də rus dilinin öyrənilməsinə böyük maraq göstərirlər”.