Bakının istehlak bazarında 18,7 milyard manatlıq məhsul satılıb və xidmət göstərilib
Bakı, 4 noyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında əhalinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 18 milyard 739,9 milyon manat olmaqla 2019-cu ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 8 faiz azalıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 97,4 faizini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsindən real ifadədə 6,2 faiz azalaraq 18 milyard 251,4 milyon manat olub. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz azalaraq 6 milyard 794,1 milyon manat təşkil edib.