BAKININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ QEYD EDİLİR
Bakı Şəhər Baş Təhsil İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, 20 Yanvar faciəsinin 16-cı ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən, şəhərin bütün ümumtəhsil məktəblərində qanlı qırğına həsr olunmuş siyasi dərslər, ədəbi-bədii gecələr, foto-rəsm sərgiləri, inşa yazı müsabiqələri, xatirə guşələri təşkil edilir, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar göstərilir, o müdhiş gecənin canlı şahidləri ilə görüşlər keçirilir. Tədbirlərdə yanvar hadisələrinin mahiyyəti, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsində yeri və rolu açıqlanır, yalnız ümummilli liderimiz Heydər Əliyevin səyləri sayəsində 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildiyi vurğulanır, ulu öndərimizin o dövrdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək törədilən hadisəyə ilk siyasi qiyməti verdiyi, faciənin miqyası barədə həqiqətləri böyük vətənpərvərlik hissi ilə dünyaya yaydığı diqqətə çatdırılır.
Keçirilən tədbirlər şagirdlərin vətənpərvərlik tərbiyəsinin möhkəmlənməsinə, müstəqil dövlətçiliyimizə, onun qurucusu olan ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiqlik ruhunun aşılanmasına xidmət edir.
Faciə günü təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət edəcək, şəhid məzarları üzərinə tər qərənfillər düzəcəklər.