“Bakutel-2013” sərgi-konfransı ilə bağlı hazırlıq iclası keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “Bakutel-2013” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı ilə bağlı qrup rəhbərlərinin növbəti hazırlıq iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə tədbirin əhəmiyyətini qeyd edərək bildirmişdir ki, “Bakutel-2013” çərçivəsində kibertəhlükəsizlik məsələlərinə həsr edilmiş konfrans, ikitərəfli biznes-forumlar keçiriləcək, Regional Rabitə Birliyinin üzvlərinin görüşü və digər tədbirlər təşkil olunacaqdır. Bundan əlavə, RİTN ilə Diasporla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dünya Azərbaycanlılarının I virtual konfransı keçiriləcəkdir.