Balakən və Zaqatalada 45 gənc üçün “Technest” təqaüd proqramının Məzun günü keçirilib
Bakı, 31 avqust, AZƏRTAC
“Technest” təqaüd proqramı çərçivəsində Balakən və Zaqatalada 45 gənc “İKT əsasları və veb-proqramlaşdırma” üzrə təhsil alıb.
AZƏRTAC xəbər verir ki, dörd ay müddətində davam edən təlimlərdə hər iki rayondan olan tələbələr İKT və veb-proqramlaşdırma sahəsində təməl bacarıqlara yiyələniblər.
Məzun günündə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Azerbaijan HR Institute” və Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər region gənclərinin İKT bacarıqlarını mənimsəməsinin yeni karyera perspektivləri baxımından əhəmiyyətini vurğulayıblar.
Daha sonra “İKT əsasları və veb-proqramlaşdırma” üzrə məzun olan təqaüdçülər sertifikatlarla təltif olunublar.