Balakəndə “Məhsul bolluğu bayramı” keçirilmişdir
Balakən, 2 noyabr (AZƏRTAC). Noyabrın 2-də Balakən şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında “Məhsul bolluğu bayramı” keçirilmişdir.
Artıq ikinci dəfədir ki, qeyd olunan bu bayram son illər rayonun iqtisadiyyatında baş verən müsbət dəyişiklikləri, inkişafı, xüsusilə aqrar sahədə qazanılan uğurları təbliğ və nümayiş etdirmək, məhsul istehsalçılarını daha böyük qələbələrə, nailiyyətlərə ruhlandırmaq məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və qonaqlar, tədbir iştirakçıları bayramsayağı bəzədilmiş parkda təşkil olunmuş kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olmuş, yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxmış, ayrı-ayrı kəndlərin hazırladıqları bayram süfrələrinə qonaq olmuş, Balakən mətbəxinə aid təamları dadmışlar.
Sərgilərdə nümayiş olunan arıçılıq, ət, süd, tərəvəz məhsulları, rayon üçün xarakterik olan meyvələr, o cümlədən xurma, qoz, fındıq, habelə “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsulların sərgiləri bayram iştirakçılarının marağına səbəb olmuşdur.
Folklor və rəqs kollektivlərinin çıxışları, kəndirbazların məharəti, kəndir dartma, qarğıdalı dəni açma və digər əyləncəli yarışlar bayramın ab-havasına xüsusi rəng qatmışdır. Bayram iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin - maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini izləmiş, bu gün də rayonun kəndlərində keçirilən ənənəvi qarğıdalı təmizlənməsi və yun daranması iməcilikləri ilə əyani şəkildə tanış olmuşlar.
Bayram tədbirində qeyd olunmuşdur ki, ötən il olduğu kimi, bu il də balakənlilər “Məhsul bolluğu bayramı”nı böyük ruh yüksəkliyi ilə, aqrar sahədə qazanılan yüksək nailiyyətlərlə qeyd edirlər. Tərəvəzi, xurması, meyvəsi, qoz-fındığı ilə məşhur olan Balakən rayonu bu gün özünün ən gözəl günlərini yaşayır. Cari ilin doqquz ayında rayonda 47,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 milyon manat artmışdır. Fermerlər qarğıdalı əkilmiş 7 min 61 hektar sahədən bu günədək 40 min tondan artıq məhsul əldə etmişlər və məhsul yığımı davam edir. Ət, süd, yumurta, yun və digər növ kənd təsərrüfatı məhsulları istehsalı da əvvəlki illə müqayisədə xeyli artmışdır.
Tədbirin gedişində xüsusi olaraq bayram üçün hazırlanmış böyük tort kəsilərək iştirakçılara paylanmışdır.
Bayram tədbiri respublikamızın tanınmış ifaçılarının iştirakı ilə maraqlı konsert proqramı ilə başa çatmışdır.