Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Korrupsiya dünyanın hər yerində milyonlarla insanın rifahına mənfi təsir göstərir, qanunun aliliyini zəiflədir, cəmiyyətlərin iqtisadi və sosial sabitliyini pozur, mütəşəkkil cinayətkarlıq üçün əlverişli mühit yaradır. Korrupsiyanın mənfi təzahürlərinə bütün hüquq sistemlərində rast gəlinir. Buna görə də o, qlobal xarakter daşıyan və hamımız üçün ümumi çağırış olan bir fenomendir.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində deyib.
Baş prokurorun sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin səmərəliliyini təmin edən əsas amillərdən biri güclü siyasi iradədir: "Azərbaycanda Prezident İlham Əliyevin birgə profilaktik və inzibati tədbirlərin həyata keçirilməsinə yönəlmiş güclü siyasi iradəsi korrupsiyaya qarşı mübarizənin səmərəliliyini təmin edib. Qısa müddət ərzində genişmiqyaslı hüquqi və institusional islahatların həyata keçirilməsi nəticəsində Azərbaycanda beynəlxalq antikorrupsiya standartlarına uyğun müasir hüquqi baza formalaşdırılıb. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Konvensiyasını, Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasını, Avropa Şurasının Korrupsiya ilə əlaqədar mülki-hüquqi və cinayət məsuliyyətləri haqqında konvensiyalarını ratifikasiya edib və Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır".
Kamran Əliyev bildirib ki, müvafiq qanunvericiliyin səmərəli tətbiqini təmin etmək məqsədilə ölkəmizdə məhkəmə və hüquq-mühafizə sistemi islah olunub. Ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar yaradılıb.
“Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya milli antikorrupsiya siyasətini formalaşdıran qurumdur. Komissiya fəaliyyət planları və strategiyaları hazırlayır, onların icrasına nəzarət edir. Baş Prokurorluğun strukturunda fəaliyyət göstərən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış hüquq-mühafizə orqanıdır. İdarə korrupsiya cinayətləri üzrə ibtidai istintaq aparır və əməliyyat-axtarış tədbirlərini həyata keçirmək səlahiyyətinə malikdir. Ölkəmiz yalnız cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir. Bu baxımdan, dövlət xidmətlərini vahid və əlaqələndirilmiş qaydada, “bir pəncərə” prinsipi əsasında şəffaf şəkildə təqdim edən “ASAN xidmət” mərkəzləri dövlət idarəçiliyi sektorunda şəffaflığın təmin edilməsinə əhəmiyyətli töhfə verib. Antikorrupsiya siyasətimizin digər mühüm istiqaməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və təcrübə mübadiləsidir. Çünki bu sosial bəla ilə mübarizə aparmaq üçün səylərimizi birləşdirməliyik. Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr korrupsiyaya qarşı qlobal mübarizədə məsuliyyətimizi bir daha nəzərdən keçirmək və yeniləmək imkanı yaradacaq", - deyə Baş prokuror diqqətə çatdırıb.