“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 235 kiloqram işlənmiş batareya götürülüb
Bakı, 22 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı ürəklər” Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində istifadəyə yararsız batareyaların toplanması və təhvil verilməsi prosesi davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində könüllülər “Azərcell”in Baş ofisindən, “Access Bank”ın Baş ofisi, Gəncə, İsmayıllı, Zaqatala filiallarından, "Global Media Group" şirkətindən, “Araz” supermarketin Qutqaşınlı-2 filialından və “Rahat” supermarketin Qara Qarayev filialından ümumilikdə 235 kiloqram işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil veriblər.
Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının təhlükəsiz şəkildə toplanması, onların xüsusi şəraitdə utilizasiya olunması, həmçinin ictimaiyyət arasında ekoloji məsuliyyətin artırılması və tullantıların düzgün idarəolunması ilə bağlı maarifləndirmənin gücləndirilməsindən ibarətdir.