ELM VƏ TƏHSİL
BDU-da İsrail universitetlərinin təqdimatı olacaq

Bakı, 22 sentyabr, AZƏRTAC
Oktyabrın 9-da saat 15.00-da Bakı Dövlət Universitetində (BDU) “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hədəf universitetlər kimi seçilmiş dörd İsrail universiteti barədə tələbələri məlumatlandırmaq məqsədilə tədbir keçiriləcək.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə İsrail Texnologiya İnstitutu (Technion), Yerusəlim İbrani Universiteti (HUJI), Təl-Əviv Universiteti (TAU) və Veysman İnstitutundan olan nümayəndələr təmsil etdikləri ali təhsil müəssisələri haqqında tələbələri maraqlandıran sualları cavablandıracaqlar.
BDU-nun yeni tədris binasının dəyirmi zalında keçiriləcək tədbirdə iştirak üçün qeydiyyat vacibdir. Qeydiyyat və əlavə məlumat üçün BDU-nun Beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək olar.