BDU-da magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-da Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının “İdman hüququ” və "Turizm hüququ" ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi olub.
Müdafiə prosesi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun sədrliyi ilə təşkil olunub.
ARVK-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hüquq elmi sahəsində tanınmış alimlərin iştirakı ilə keçirilən müdafiə zamanı 5 magistrantın dissertasiya işləri müdafiəyə təqdim edilib. Dissertasiya işlərinin müdafiəsi yüksək qiymətləndirilib və müdafiə mərhələsi müvəffəqiyyətlə başa çatıb.
Qeyd edək ki, A. Bağırov BDU-nun və Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquq fakültəsi üzrə Magistr Dissertasiya Şuralarına rəhbərlik edir.
Onu da bildirək ki, kollegiya ilə ali təhsil müəssisələrinin hüquq fakültələri arasında imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində elmi-praktik tədbirlər, seminarlar, təcrübə proqramları və digər birgə təşəbbüslər həyata keçirilir. Bu çərçivədə tələbələrin vəkil bürolarında istehsalat təcrübəsi keçmələrinə də xüsusi önəm verilir.