BDU-da Ulu Öndər Heydər Əliyevin şəhərsalma və memarlıq irsinə dair elmi seminar
Bakı, 6 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarda Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri dosent Sevda Xələfova “Ulu Öndər Heydər Əliyevin şəhərsalma və memarlıq irsinə dair sənəd axınının elmmetrik təhlili” mövzusunda məruzə edib.
Sevda Xələfova ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Məruzədə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə şəhərsalma və memarlıq sahəsinə göstərilən diqqət və qayğıdan bəhs olunub.
“Həmin illərdə Bakının və digər şəhərlərin baş planları hazırlanıb, sənaye və yaşayış zonalarının planlaşdırılması üzrə çoxsaylı sənədlər tərtib olunub, milli memarlıq üslubunun yaşadılması, tarixi abidələrin bərpası və müasir şəhərsalma konsepsiyalarının tətbiqi ilə bağlı mühüm layihələr həyata keçirilib. Ulu Öndərin şəhərsalma və memarlıq irsi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə dosent Sevda Xələfova qeyd edib.
Məruzədə Ulu Öndər Heydər Əliyevin şəhərsalma və memarlıq fəaliyyəti ilə bağlı formalaşmış sənəd axınının elmmetrik təhlili aparılıb. Bildirilib ki, bu sahədə mövcud sənəd resurslarının statistik və analitik göstəricilər əsasında öyrənilməsi elmi-tədqiqatların dinamikasını, prioritet istiqamətlərini və inkişaf meyillərini müəyyən etməyə imkan verir.
Tədqiqat çərçivəsində sənədəsaslı və rəqəmsal resurslar müqayisəli şəkildə araşdırılıb, mövzuya dair sənəd axınının struktur xüsusiyyətləri, tematik bölgüsü, informasiya tutumu, elmi dövriyyədə istifadəsi, istinad göstəriciləri təhlil olunub.
Elmi seminarda, həmçinin şəhərsalma və memarlıq irsinə dair informasiya resurslarının formalaşdırılması və idarə olunmasında kitabxana-informasiya müəssisələrinin rolu, müasir informasiya texnologiyalarının tətbiqinin əhəmiyyəti, sahə üzrə sənədlərin rəqəmsallaşdırılması məsələləri diqqətə çatdırılıb.
Daha sonra müzakirələr aparılıb.