BDU DÜNYA ELM VƏ TƏHSİL SİSTEMİNƏ UĞURLA İNTEQRASİYA OLUNUR
Rektor, AMEA-nın müxbir üzvü professor Abel Məhərrəmov AZƏRTAC-ın müxbirinə demişdir ki, bir sıra ölkələrin aparıcı universitetləri ilə birlikdə hər il məbləği təxminən 2 milyon ABŞ dollarına bərabər qrantlar hesabına maliyyələşdirilən təhsil və elmi tədqiqat proqramlarında iştirak edirik. BDU Avrasiya və Xəzəryanı Universitetlər Assosiasiyasının fəal üzvüdür, Qara dəniz Universitetlər Assosiasiyasına rəhbərlik edir.
Abel Məhərrəmov Ukrayna alı təhsil ocaqları ilə əlaqələr barədə daha geniş məlumat vermişdir: “MDB məkanında ilk dəfə olaraq bizdə dövlət səviyyəsində Ukrayna dilində mütəxəssis hazırlığına başlanılmışdır. Kiyev Milli Universitetində isə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə mütəxəssislər hazırlanır. Cari dərs ilinin birinci yarısında həmin ali məktəbin filologiya fakültəsinin 10 tələbəsi - gələcək Azərbaycan dili mütəxəssisləri təhsilini BDU-da davam etdirmişdir. Xüsusilə alim hazırlığı sahəsində Donetsk və Dnepropetrovsk Dövlət Universitetləri, Qara dəniz Universitetlər Assosiasiyası çərçivəsində isə Kiyev İqtisad Universiteti, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər və Beynəlxalq Münasibətlər İnstitutu ilə fəal əməkdaşlıq edirik. Kiyev Milli Universiteti və BDU-nun beynəlxalq münasibətlər fakültələri arasında qarşılıqlı fəaliyyət proqramı hazırlanmışdır. May ayında Donetsk Dövlət Universitetinin nümayəndə heyətini qəbul edəcəyik”.
Rektor bildirmişdir ki, BDU-nun dünya elm və təhsil sisteminə inteqrasiyası bundan sonra da uğurla davam etdiriləcəkdir.