BDU İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi ilə əməkdaşlıq edəcək
Bakı, 22 iyun, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq müqaviləsində magistratura və doktorantura səviyyələrində tələbə, tədqiqatçı, akademik və inzibati heyətin mübadiləsi, onlar üçün birgə təlim proqramlarının təşkili, ortaq elmi layihə və tədqiqatların həyata keçirilməsi, elmi jurnallarda birgə nəşrlərin verilməsi kimi mühim məsələlər öz əksini tapıb. Həyata keçirilən əməkdaşlığın əsas məqsədi BDU-nun müvafiq Mərkəzlə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Donostia Beynəlxalq Fizika Mərkəzinin prezidenti Pedro Miguel Echenique Landiribar imzalayıblar. Müqavilə çərçivəsində, həmçinin birgə konfransların, sərgilərin, seminarların, simpoziumların, qısa kursların, təlimlərin təşkili və qarşılıqlı maraq doğuran digər sahələr üzrə əməkdaşlıq edilməsi də nəzərdə tutulur. Bu isə öz növbəsində gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsini təmin edəcək.
Qeyd edək ki, 2000-ci ildə fəaliyyətə başlayan Donostia Beynəlxalq Fizika Mərkəzi fizika və əlaqəli fənlər üzrə qabaqcıl tədqiqatları inkişaf etdirən tədqiqat mərkəzidir. Mərkəzdə əsasən kondensasiya olunmuş maddə fizikası, materialşünaslıq, nanoelm, kimyəvi fizika, kosmologiya, hissəciklər fizikası və digər mövzular istiqamətində tədqiqatlar aparılır. Tədqiqat istiqamətinə kimya və bioelmlər üzrə tədqiqatlar da daxildir. Hər il Mərkəzin tədqiqatçıları tərəfindən 400-dən çox elmi əsər nəşr olunur və müxtəlif sayda qrant layihələri icra edilir.