BDU-nun Elmi Kitabxanasında 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbir
Bakı, 16 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə bildirib ki, 20 Yanvar tariximizə həm qanlı, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. Qara Yanvarın dəhşətlərindən danışan A.Kazımzadə ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə faciəyə siyasi-hüquqi qiymət verildiyini xatırladıb.
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı BDU-da silsilə tədbirlər keçirildiyini deyən A.Kazımzadə 20 Yanvar şəhidlərinin əziz xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıb.
Elmi Kitabxananın direktoru Nigar İsmayılova bildirib ki, 20 Yanvarda imperiya ordusu xalqımızın azadlıq, müstəqillik arzusunu boğa bilmədi.
Sonra Vətən, torpaq, qəhrəmanlıq haqqında şeirlər səsləndirilib. BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyi şagirdlərinin 20 Yanvar mövzusunda rəsm işləri nümayiş etdirilib.