ELM VƏ TƏHSİL
BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar
Bakı, 6 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) gənc tədqiqatçıları İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar.
BDU-dan AZƏRTAC-a bildirilib ki, qaliblər innovativ ideyaların prioritetliyi, reallaşdırılmasının mümkünlüyü əsas götürülməklə müəyyən edilib. Universitetin Biologiya fakültəsinin doktorantı Lalə Məmmədova “The Secret of Longevity” adlı layihə ilə birinci, Kimya fakültəsinin doktorantı Günel Əliyeva “Nanomembrane” adlı layihə ilə ikinci yerə layiq görülüblər.
Müsabiqə İqtisadiyyat Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyalarla bağlı həvəsləndirilmə, həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin icrasına dəstək məqsədilə təşkil olunub.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi rejim qaydalarına uyğun olaraq, Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimi təxirə salınıb.