BDU-nun müəllimi beynəlxalq konqresdə informasiya texnologiyalarının əhəmiyyətindən danışıb
Bakı, 14 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin politologiya və sosiologiya kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ülkər İmaməliyeva III İstanbul beynəlxalq araşdırma konqresində iştirak edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, forumda Ü.İmaməliyeva “İdarəetmənin təkmilləşdirilməsində elektron hökumətin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, informasiya və kommunikasiya texnologiyalarında müşahidə olunan sürətli dəyişkənlik və inkişafın ölkələrin iqtisadi, sosial və mədəni həyatına təsirindən bəhs edib. Yeni əsrin mühüm şüarlarından biri kimi "bilik gücdür" şüarının hamı tərəfindən qəbul edildiyini xatırladan Ü.İmaməliyeva elektron hökumət proqramları və informasiya texnologiyalarının əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, məruzənin tam mətni “Regional inkişaf üzrə beynəlxalq araşdırmalar” kitabında (İSBN, Nyu-York) dərc edilib.