BDU-nun şəhid məzunu Kənan Məmmədovun xatirəsi anılıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “BDU könüllüləri” və Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə fakültənin məzunu, şəhid Kənan Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə fakültənin dekan müavini Anar Fərəcov 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında Qarabağda aparılan lokal antiterror tədbirləri zamanı ölkəmizin ərazi bütövlüyü naminə düşmənə qarşı döyüşlərdə gənclərimizin göstərdikləri şücaətlərdən söz açıb. Bildirilib ki, fakültənin məzunu, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Kənan Məmmədovun əziz xatirəsi daim ürəklərdə yaşayacaq.
Rus dilçiliyi kafedrasının professoru Sevinc Məhərrəmova, Rus ədəbiyyatı tarixi kafedrasının müəllimləri Solmaz Əliyeva, Təranə Məmmədova, şəhidin tələbə yoldaşları çıxışlarında tələbəlik illərində Kənan Məmmədovun nümunəvi gənc kimi diqqəti cəlb etməsindən, hərbçi peşəsinə olan xüsusi marağından danışıb, şəhidlə bağlı xatirələrini bölüşüblər.
Sonra Filologiya fakültəsi üzrə “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Kənan Məmmədovun xatirəsinə həsr edilmiş esse müsabiqəsinin nəticələri elan olunub, qalib gələn tələbələr mükafatlandırılıb.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqların nəsillər üçün böyük vətənpərvərlik məktəbi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, müsabiqəyə təqdim olunmuş esselərdə tələbələrin toxunduqları məsələlər, yaradıcı fikirlər müasir gəncliyin milli ruhda yetişməsindən xəbər verir.
Tədbirdə şəhid Kənan Məmmədovun xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müəllimi Ramiyə İsgəndərzadə və I kurs tələbəsi Hümbət Bədəlovun vətənpərvərlik mövzusunda yazdıqları şeirləri, I kurs tələbəsi Aysu Türkelin şəhid Kənan Məmmədova həsr etdiyi hekayə və “BDU könüllüləri” təşkilatının nəzdində fəaliyyət göstərən “Lin-Orph” klubunun ifa etdiyi mahnılar dinlənilib.