ELM VƏ TƏHSİL
BDU-nun təşkilatçılığı ilə İzmirdə biomüxtəlifliyin qorunmasına dair beynəlxalq konfrans keçirilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Türkiyənin İzmir şəhərində Ege Universiteti, Bakı Dövlət Universiteti (BDU), Özbəkistanın Andijan Dövlət Universiteti, Qırğızıstanın Oş Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda II beynəlxalq konfrans keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Avrasiyanın biomüxtəlifliyinin qorunmasında mövcud problemlər və onların həlli yollarının müzakirə olunduğu konfransa 4 ölkədən 110 məruzə təqdim edilib.
Konfransda BDU-nun Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova əsas dəvət edilmiş məruzəçi kimi “Ətraf mühitin bitkilərdən istifadə ilə bioindikativ qiymətləndirilməsi və idarə edilməsi” mövzusunda çıxış edib.
Konfransa BDU ilə yanaşı, Azərbaycanın digər təhsil və elmi-tədqiqat müəssisələrindən 23 alim qatılıb.
Beynəlxalq konfransda biomüxtəlifliyin, fotosintetik orqanizmlərin, göbələk və bakteriya kimi mikroorqanizmlərin mühafizəsi, su ekosistemlərinin monitorinqi kimi mövzularda məruzələr dinlənilib.
Genetik biomüxtəliflikdəki problemlər və bitkilərdə viruslara qarşı müqavimətin inkişafı üçün yeni yanaşmalar müzakirə edilib. Avrasiyada onurğasız heyvanların qorunması, antropogen təsirlərin ekosistemlərə təsiri, iqlim dəyişikliyi şəraitində bitkilərin vəziyyəti və nadir bitki növlərinin mühafizə strategiyaları da konfransın müzakirə etdiyi məsələlərdən olub.