ELM VƏ TƏHSİL
BDU tələbələri üçün infosessiya: “Bulud texnologiyası”
![](/files/galleryphoto/2023/3/1200x630/1698050610505839596_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16980506106048731600_1200x630.jpg)
Bakı, 23 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşkilatçılığı ilə tələbələr üçün “Bulud texnologiyası” mövzusunda infosessiya keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov öncə tələbələri sektorun fəaliyyəti ilə tanış edib. Bildirilib ki, tələbələrə karyeralarının düzgün qurulmasına kömək etmək, bu sahədə daha səriştəli olmağa yönləndirmək sektorun əsas fəaliyyət istiqamətidir.
İnfosessiyanın təlimçisi bulud texnologiyaları üzrə mütəxəssis İzmir Sadıqov vurğulayıb ki, “bulud texnologiyası” müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. Bu halda istifadəçi kompüteri şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır. Bu texnologiyanın köməyilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir, brauzerlərin vasitəsilə emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir.
“Bulud texnologiyası”na dair bir çox anlayışlar təlimçi tərəfindən təhlil edilib, tələbələrin sualları cavablandırılıb.