BDU tələbələrinin çöl-tədris təcrübələri başlayıb
Bakı, 17 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələri və “SABAH” Mərkəzinin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarının buraxılış kurs tələbələrinin tədris planına uyğun olaraq Quba, Şamaxı, Qəbələ, Lənkəran rayonlarında çöl-tədris təcrübələri başlayıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tələbələr təcrübə rəhbərləri tərəfindən həmin ərazilərin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri, əhalisi, landşaftı, su hövzələri, torpaq-bitki örtüyü haqqında məlumatlandırılır.
Tarix fakültəsinin bakalavriat səviyyəsi üzrə buraxılış kurs tələbələrinin isə Qəbələ Arxeoloji Mərkəzi, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırımı Memorial Kompleksi, Şamaxı şəhər Tarix-Diyarşünaslıq Muzeyində tədris təcrübəsi keçmələri nəzərdə tutulur.