BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
Bakı, 22 fevral, AZƏRTAC
Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov qonağa bu ali təhsil ocağı barədə məlumat verib. Bakı Dövlət Universitetinin innovasiya, yaradıcılıq və elmi-tədqiqatlara böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirən Firudin Qurbanov BDU-nun beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri ilə əməkdaşlığını qeyd edib, universitetin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncam imzaladığını vurğulayıb. O, universitetin 100 illik yubiley tədbirlərinin UNESCO, ISESCO və bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən keçiriləcəyini də diqqətə çatdırıb.
Zoltan Hernyes Avropa Şurası Bakı ofisinin layihələri, gender bərabərliyi və jurnalistika ilə bağlı çap edilən vəsaitləri haqqında məlumat verib. O, “Gender bərabərliyi və media azadlığı” kursuna dair proqramın əhəmiyyətini qeyd edərək, yeni kursun jurnalistika ixtisası üzrə tədris proqramında istifadə edilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Layihə haqqında məlumatlı olduğunu qeyd edən Firudin Qurbanov Avropa Şurasının Bakı ofisi tərəfindən Azərbaycanda gender bərabərliyi və media azadlığı sahəsində keçirilən çoxsaylı maarifləndirmə tədbirlərini, media nümayəndələrinin bu istiqamətdə peşəkarlığının daha da artırılması istiqamətində görülən mühüm işləri yüksək qiymətləndirib və bu sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunub və Bakı Dövlət Universiteti ilə Avropa Şurasının Bakı ofisi tərəfindən “Gender bərabərliyi və media” mövzusunda birgə konfrans və seminarların keçirilməsi qərara alınıb.