Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qəbələdə təntənəli parad keçirilib
Qəbələ, 5 mart, AZƏRTAC
“İdman paytaxtı” Qəbələdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə parad təşkil edilib.
AZƏRTAC xəbər verir ki, idman federasiyalarının nümayəndələri, Olimpiya, Paralimpiya çempionları, idman səfirləri, könüllülər, Milli Antidopinq Agentliyi, Azərbaycan İdman Akademiyasının tələbələri və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən parad Fövqəladə Hallar Nazirliyinin önündə başlayıb və Qəbələ regional “ASAN xidmət” mərkəzinin qarşısında başa çatıb.
Paraddan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Bədən Tərbiyəsi və İdman Gününün hər il ölkədə, o cümlədən bölgələrdə təntənəli şəkildə qeyd edildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin daim Azərbaycan idmanına, gənclərə qayğı göstərdiyini bildirib. S.Abdullayevin sözlərinə görə, bölgələrdə hər il yeni idman infrastrukturları inşa olunur. İcra başçısı Qəbələ şəhərinin sürətlə inkişaf etdiyini söyləyib.
Gənclər və idman naziri Fərid Qayıbov Qəbələnin bu gün əsl bayram ab-havasında olduğunu bildirib: “Otuz il öncə Ümummilli Lider Heydər Əliyevin idman ictimaiyyəti ilə tarixi görüşü olmuşdu. Biz, həm də bu əlamətdar hadisənin 30-cu ildönümü ilə bağlı Qəbələ şəhərinə təşrif buyurmuşuq. Bu münasibətlə hazırlanan “Dönüş Anı” sənədli filmini izlədik. Azərbaycanda idman yüksək səviyyədə inkişaf edir”.
Paradın ardınca konsert proqramı təşkil edilib.