BƏDİİ GİMNASTİKA ÜZRƏ BAKI BİRİNCİLİYİNİN QALİBLƏRİ MÜƏYYƏN OLUNDU
Bakı, 9 fevral (AZƏRTAC). Olimpiya İdman Kompleksi iki gün ərzində 16-cı Bakı birinciliyi yarışlarında gücünü sınayan gimnastların ixtiyarına verilmişdi. Turnirdə Bakı gimnastlarından başqa müsabiqədənkənar proqramda 8 gəncəli idmançı da öz məharətini nümayiş etdirmişdir.
Bu barədə məlumat verən Bakı Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov vurğulamışdır ki, ölkəmizdə gimnastika yüksələn xətt üzrə inkişaf edir. O demişdir: “Bu işdə Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Hətta, turnirdə təmsil olunan çox gənc idmançılar arasında belə yığma komandanın əsas tərkibinə daxil olmaq uğrunda rəqabət artmaqdadır”.
Azərbaycan Gimnastika Federasiyasından bildirmişlər ki, ən gərgin mübarizə 1995-97-ci illər təvəllüdlü idmançılar arasında olmuşdur. Liderlər topla hərəkətlərədək eyni nəticələri göstərir, eyni bal toplayır, eyni səhvlərə yol verirdilər. Lakin nəticədə onlardan yalnız biri - çoxnövçülük yarışlarında 60.975 bal toplayan “Həmkarlar”ın təmsilçisi Ayişə Mustafayeva fərqlənə bilmişdir. Respublika kompleks idman məktəbinin yetirməsi Yelena Prokopenko ondan cəmi 0,2 bal geri qalmış, üçüncü yeri isə onun klub yoldaşı Mənsurə Bağıyeva tutmuşdur. 1998-99-cu illər təvəllüdlü yaş qrupunda 39.775 balla Bakı idman məktəbinin yetirməsi Nilufər Niftəliyeva qalib gəlmişdir. İkinci yerə Cənnət Məmmədova (“Həmkarlar”), üçüncü yerə isə Mehparə Mənsurova layiq görülmüşlər.
Nəhayət, 2000-2001-ci illər təvəllüdlü ən kiçik yaş qrupunda birinci yerə Respublika kompleks idman məktəbini təmsil edən Jalə Piriyeva (34.25 bal) layiq görülmüşdür. İkinci və üçüncü yerləri müvafiq olaraq Ləman Məmmədova (“Həmkarlar”) və Nuray Sərdarlı (Bakı idman məktəbi) tutmuşlar.
Gimnastlarımız, o cümlədən yeniyetmələrdən ibarət qrup komandamız üçün ən yaxın beynəlxalq yarış fevralın 19-22-də Estoniyada keçiriləcək turnir olacaqdır. Yeri gəlmişkən, ötən birincilik çərçivəsində qaraçı musiqisinin sədaları altında 5 lentlə ilk dəfə çıxış etmiş qrup komandamızın parlaq kompozisiyası heç kimi biganə qoymamışdır.
Bakıda təlim-məşq toplanışlarında olan bolqar gimnastları kimi onların zərif nümunəvi çıxışları da paytaxt birinciliyinə xüsusi rövnəq və bayram əhval-ruhiyyəsi bəxş etmişdir.